Qız Qalası
Qız Qalası
Qız Qalası sahil qayasının çıxıntısında tikilmiş böyük daş silindr şəklindədir. Onun hündürlüyü bir tərəfdən 28 m, digər tərəfdən 31 m-dir, diametri 16,5 m –dir. Divarların qalınlığı aşağı hissədə 5 m, yuxarıda 4,5 m-dir.
Qalanın 14 m hündürlüyündə kufi xətti ilə yazılmış kitabədə deyilir: “Məsud ibn Davudun qülləsi”. Yazının paleoqrafik xüsusiyyətlərinə görə onu XII əsrə aid edirlər. Bəzi alimlər Məsudu İrak Səlcuklarından hesab edir və ehtimal edirlər ki, Qız Qalası XII əsrdə Səlcuklar Azərbaycanda hökmranlıq etdikləri dövrdə tikilib. Lakin qalanın yuxarı hissəsi Dəvəçi rayonunda yerləşən və Sasanilər dövründə inşa edilən (VI əsr) “Çıraq qala”nın mərkəzi qalası ilə eynilik təşkil edir. Ona görə bəzi alimlər Qalanın iki müxtəlif dövrlərdə tikildiyini ehtimal edir. Bu ehtimala görə qalanın 12 m hündürlüyündə hamar divarı olan alt hissəsinin daha qədim e.ə VIII – VII əsrlərdə, daş kəmərlə əhatə olunan yuxarı hissəsinin daha sonra VI əsrdə tikildiyi güman edilir.
Qız Qalasının mənşəyi haqqında elmi fərziyyələr
Bəzi fərziyələrə görə Qız Qalası türk atəşpərəstliyi məbədi, rəsədxana, mayak, müdafiə istehkamı, zərdüştlərin daxmasıdır.
Alimlərin bir qismi Qız Qalasını Şirvanşahların ümumi müdafiə sisteminə daxil olmuş istehkam hesab edirlər və təhlükə zamanı qalanın üzərindən digər qalalara həyəcan siqnalının ötürülməsi üçün istifadə olunduğunu qeyd edirlər. Orta əsrlərdə Abşeronda 30-a qədər belə qala mövcud olub. Onlardan zəmanəmizə bir neçəsi qalıb. (Mərdəkan, Ramana, Nardaran). Alimlərin fikrincə qalın divarlar, divarın içində yerləşdirilən və 1-ci mərtəbədən müşahidə olunmayan su quyusu yalnız müdafiə qalasında ola bilərdi.
Digər fərziyyəyə görə bu ərazilərdə b.e.ə. VII əsrin ortalarında kimmer-skif (türk) tayfalarına məxsus atəşpərəstlik ənənələri mövcud idi. Qədim türklərin və zərdüştilərin od anlayışlarındakı fərq ondan ibarət idi ki, qədim türklər odu ocağı qoruyan, şər qüvvələri qovan və insanları əcdadları ilə bağlayan bir qüvvə hesab edirdilər və ona sitayiş edirdilər. Zərdüştilər isə odu fetişləşdirir, atəşə büt kimi sitayiş edir və alovu simvol, ədalət rəmzi kimi qəbul edirdilər. Atəşlə ancaq yüksək rütbəli kahinlər ünsiyyətdə ola bilərdilər. Zərdüştilərdən fərqli olaraq türk atəşpərəstlərin Tabiti adlı od Allahları var idi və onlar ona sitayiş edirdilər. Bu fərziyyəyə əsasən Qız Qalası zərdüştlikdən əvvəl yaranan dini abidədir. Görünür bu od saçan torpaq ərəb xilafəti Abşeronu tutana qədər uzun müddət zərdüştlikdən əvvəl və sonra atəşpərəstlər üçün “Məkkə” kimi müqəddəs bir məkan olub. Bu elmi mülahizənin tərəfdarları hesab edirlər ki Qız Qalası Kaspiana, Alban, Midiya kahin-memarların qədim üslubuna əsasən inşa olunub və qədim Ahura Mazdanın məbədinin təkrarı kimi Abşeronun yanar sahillərində tikilib. Zərdüştlik dövründə belə məbədlər artıq tikilmirdi. Ona görə onlar Qız Qalasını e.ə. VIII-VII əsrlərə aid edirlər. Qalanın ətrafında yerləşən çox sayda atəşpərəstlik məbədlərinin qalıqları bu fikri təsdiqləyir.
Bir sıra alimlərin fikrincə bu zərdüştilərin daxmasıdır. Onlar ölən həmyerlilərini qalanın yuxarısına yerləşdirib, quşlara yem edirdilər, sonra isə sümüklərini divarda yerləşən borular vasitəsilə yerə endirib dəfn edirdilər.
Qız Qalası haqqında rəvayətlər
Hələ qədim dövrdən Qız Qalası haqqında müxtəlif rəvayətlər və əfsanələr yaranmışdır. Bu rəvayətlərin birinə görə ikiqat qala divarları ilə əhatə olunmuş qədim şəhər 90 gün idi ki, İran şahı Nurəddinin qoşunları tərəfindən mühasirəyə alınmışdı. Qala divarlarının içində yerləşən zərdüştlük məbədində odlar diyarının düşməndən xilas olması üçün dualar oxunurdu. Bir gün od məbədinin baş ruhanisi dini ayindən sonra atəşpərəstlərə elan etdi: “Sabah şah öldürüləcək. Onu zəif bir qüvvə öldürəcək”. Bu vaxt məbədin qapıları açılır və əlində odlu qılıncı olan uzun saçlı ilahi qız içəri girir. Qız baş kahinə yaxınlaşır. Kahin qıza deyir ki, o, odlar diyarını və müqəddəs məbədi düşməndən xilas etməlidir. Qız Nurəddin şahın otağına gəlir və onu qılıncla öldürür. Qız öz xalqını düşməndən xilas edir, lakin özü düşmən sərkərdəsinə dəlicəsinə vurulur. Sevgilisinin ölümündən sonra yaşamaq istəməyən qız məbədin qapıları qarşısında qılıncı sinəsinə sancaraq özünü öldürür. Bu vaxt bərk külək qalxır və məbədin odu sönür. O vaxtdan bu qala Qız Qalası adlanır.
Başqa bir əfsanə şah qızı ilə balıqçının gözəl məhəbbətindən bəhs edir. Hər gün öz sevgilisini görmək üçün balıqçı Qız Qalasının yanına gəlir. Balıqçı dənizin səthi ilə addımlayır. Ona bu gücü bu sevgiyə olan inamı verir. Bir gün sevgilisi ilə görüşdən qayıdarkən balıqçının ürəyində bu məhəbbətə şübhələr yaranır, və o, batmağa başlayır. Sevgilisinin batdığını görən şah qızı onu xilas etmək üçün özünü qaladan dənizə atır. Lakin onun qəlbində qorxu hissi məhəbbətə inamdan güclü olduğundan o suda boğulur. O vaxtdan Qız Qalası məhəbbət və saflıq rəmzi olur.
Başqa bir rəvayət Qız Qalasını su allahı Anaxidin (ərəblər onu Zöhrə, türklər isə Yaqut, Dan ulduzu adlandırırlar) adı ilə əlaqələndirir. Insanlara su gətirmək üçün Allah onu yerə endirir. Əfsanəyə görə Marut və Harut adlı iki mələk bir gün yerə endirilir. Onların hər ikisi Anaxidə vurulurlar və bir – birindən gizlin öz eşqlərini ona bildirirlər. Anaxid onları quyuya salıb özü göylərə qalxır. O vaxtdan qədim dünyanın sakinləri göylərə çəkilmiş Anaxidin şərəfinə məbədlər tikir və ona sitayiş edirlər. Şərqdə belə müqəddəs yerlər Qız Qalası adlandırılır. Arxeoloji qazıntılar zamanı “Qız Qalasının” sahil hissəsində bürüncdən balıq fiquru aşkara çıxarılmışdır. Antik dövrə aid olan bu fiqurun başı delfin formasındadır. Delfin antik dövrdə Dəniz allahının müqəddəs heyvanı hesab olunurdu. Qız Qalası yaxınlığında bu fiqurun tapılması ehtimal olaraq bu qalanın müəyyən tarixi dövrdə su allahının məbədi kimi fəaliyyət göstərməsi fikrini söyləməyə imkan verir.
UNESCO-nun mirası
Qız Qalası 2000-ci ildə UNESCO-nun Dünya Mədəni İrs siyahısına salınmışdır.
