“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi
Icon Abidələr

Qəni Məmmədovun evi

Qəni Məmmədovun evi Qəni Məmmədovun evi Qəni Məmmədovun evi

Qəni Məmmədov Xəzər dənizində bir çox gəmiyə sahib olub. Əsasən pambıq ticarəti ilə məşğul olan o, Orta Asiya, Rusiya və İran arasında da malların daşınmasında böyük paya sahib olmuşdur. Aprel işğalından sonra Bakını tərk edərək Rusiyaya daha sonra isə Polşaya miqrasiya edib.

Qəni Məmmədovun A.Zeynallı küçəsi, 45 nömrəli ünvanda 1908-ci ildə inşa etdirdiyi yaşayış evi özünün yerli üslubda milli həcm-məkan elementlərinin üstünlük təşkil etdiyi memarlıq elementlərlə zəngindir. Üç mərtəbəli binanın birinci mərtəbəsi geniş pəncərələrə malik olmaqla dükan üçün nəzərdə tutulmuş, fasad divarları proporsional olan süslənmiş daşlardan, yuxarı 2 mərtəbə yonulmuş əhəng daşından inşa olunmuşdu. Güclü profilləşmiş və dekorativ daş üzərində oyma elementlərlə zəngin pəncərə çərçivələri binanın plastik qamma elementləri ilə bütün binanı təcəssüm etdirir. Fasadın başlıca kompozisiya elementi – ikimərtəbəli şüşə pəncərəli eyvan – «şüşəbənd», onun riflənmiş günbəzlə tamamlanması binaya xüsusi gözəllik verir. Şüşəbənd eyvan boyu ağac üzərində oyma elementləri olan naxışların memarlıq formasında olması, eyvanın karnizi boyu ərəb əlifbası ilə epiqrafik yazı – Bakı memarlığınba üslub istiqaməti kimi özünəməxsus olaraq diqqəti cəlb edir. A.Zeynallı küçəsi boyunca qədim memarlıq tikililəri sırasında yerləşən bu yaşayış evi özünün möhtəşəm interyeri, xüsusən pəncərələrdəki vitrajlar, pəncərə qəfəsinin modern üslubda olması kimi memarlıq elementləri ilə xüsusi olaraq seçilir.