“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi
Icon Abidələr

Qala divarları

Qala divarları Qala divarları

 XIX əsrə kimi qədim Bakı ikiqat qala divarları ilə əhatə olunmuşdu. Orta əsrlərdə Bakı qalasına açılan Şamaxı və Səlyan darvazalarında taxta körpülər mövcud idi. Gecələr bu körpülər qaldırılırdı və şəhərin tam təhlükəsizliyi təmin olunurdu. Şəhərin ilkin təsvirini yerli coğrafiyaşünas Abdar Rəşid əl Bakuvi özünün 1403-cü ildə yazdığı əsərində vermişdir: “Şəhər körfəzin sahilində yüksək olmayan  təpə üzərində yerləşir. Burda torpaq qayalıqdır, evlərin əksəriyyəti qaya üzərində tikilib”.

Qədim Bakının ilk qrafik təsvirini 1683-cü ildə İsveç səfirliyinin tərkibində Bakıda olmuş alman ensiklopedist alimi və səyyahı Engelber Kempfer vermişdir. Bu təsvirə görə Bakı kvadrat formasındadır. Onun iki tərəfini dəniz suları yuyur. Bunlardan biri liman rolunu oynayır, digər tərəf isə dənizə açılır. Dəniz tərəfdən şəhər birqat qala divarı ilə əhatə olunmuş və bu divar kərpicdən hörülmüşdür. Qalan iki quru tərəfdən isə şəhər ikiqat qala divarları ilə əhatə olunmuşdur. Birinci qala divarının önündə perimetr boyu enli, dərin xəndək yerləşirdi. Təhlükə vaxtı bu xəndək kəhriz suları ilə doldurulurdu. İç qala divarı çöl qala divarından daha hündür idi. Onun hündürlüyü 8-10m, eni 3-3,5 m. idi. Qala divarları arasındakı məsafə 12 m idi və bu arada daş plitə ilə döşənmiş xəndək var idi. Düşmən hücum etdikdə xüsusi kanallarla bu xəndəyə neft doldurulur və qaladan atılan odlu lopalarla bu neft yandırılırdı. Beləliklə, orta əsr  Bakı qalasını fəth etmək üçün sudan, oddan keçmək lazım idi.

XIX əsrin ortalarında çöl qala divarı sökülür və onun qapısı iç qala divarına qoyulur. Məhz o zaman Qoşa Qala Qapısı anlayışı yaranır. Qoşa qapılar dəmir plitə ilə örtülmüşdü. Liman tərəfdən malların rahat daşınması üçün üç qapı mövcud idi.

Qoşa qala qapısının ən nəzərə çarpan elementi üzərində iki şir və onlar arasında öküz başının təsviri olan Şirvanşahlar dövlətinin gerbidir. Qədim Bakı minillik tarixi olan Şirvanşahlar dövlətinin paytaxtıdır.” Şirvan” etnoniminin mənası şirlər diyarı deməkdir. Bir çox yazılı mənbələrdə  şirvanşahların adı “şirənşah”, yəni şahların şiri titulu ilə işlənir. Gerbdəki şir Şirvanşahlar dövlətinin güc və qüdrətinin rəmzidir. Öküz təsviri də təsadüfü deyildir. Öküz – tibet yak öküzü qədim türk tayfalarının totemi, onqonu, tanrısı olmuşdur. Gerbdəki öküz təsviri çox yəqin ki, qədim ənənələrə sadiqliyin nişanəsidir.

1954-cü ildə qalanın şimal divarındakı yarımbürclərdən birinin uçması nəticəsində aşkar olunmuş böyük daş üzərindəki kufi xətti ilə yazılmış kitabədə Bakının qala divarının Şirvanşah III Mənuçöhr (1120-1160) tərəfindən tikildiyi haqqında məlumat verilir. Hal-hazırda bu daş kitabə Azərbaycan Tarix Muzeyində saxlanılır.