“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi
Icon Abidələr

Məhəmməd məscidi

Məhəmməd məscidi Məhəmməd məscidi Məhəmməd məscidi

Orta əsr dövrü abidələrdən ən qədimi Məhəmməd məscididir.

Abidənin Şimal fasadında giriş qapısından sol tərəfdə ərəb dilində olan yazıda abidənin h.471=1078/79 ildə əl-ustad əl-rəis Məhəmməd b. Əbu Bəkrin əmri ilə tikildiyi haqqında məlumat verilir.

Qeyd olunan dövrdə şəhər hakimi rəis idi. Mənbələrin verdiyi məlumata görə səlcuklar dövründə (1038-1092 illər) rəislər Sultan hakimiyyətinin nümayəndələri kimi Mərkəzi Divan tərəfindən yerli zadəganlardan təyin olunurdu. Bu vəzifə səlcuk byurokratik aparatında əsas vəzifələrdən biri idi. Rəislər şəhər həyatını tənzimləyir, sənətkarlar və kəndlilərdən vergi yığılmasına, ticarət əməliyyatlarından alınan gəlirə, bazarlara və dövriyyədə olan pul mübadiləsinə nəzarət edirdilər. Rəislər iri ticarət və maliyyə əməliyyatlarında aktiv iştirak edir, şəhərlərdə dini və ictimai binaların inşası ilə məşğul idilər.

Rəislər şəhər əhalisinin ən varlı təbəqəsindən seçilirdi. Onlar hakimiyyət və xalq arasında bir körpü rolunu oynayırdı. Onlar bir çox vaxtlarda Şirvanşahlara müxtəlif mövqedə durur, sənətkarların hakimiyyətə qarşı apardığı mübarizələrə başçılıq edirdilər. «Əl-ustad» titulu Məhəmmədin tacirlər qildiyasına başçılıq etdiyini sübuta yetirir.

Yazıda Şirvanşahın adı çəkilmir. Bu mənbələrin rəislərin cəmiyyətdə böyük nüfuza malik olduğunu və şəhər idarəetməsində mühüm inzibati rol oynadığı haqqında verdiyi məlumatları bir daha təsdiqləyir.