İsa-bəy Hacinskinin evi
İsa-bəy Hacinskinin evi
Azərbaycanın tarixi şəxsiyyətlərindən biri İsa-bəy Hacinskidir. Neft bumu ilə məşhurlaşan Bakı elitasının arasında Hacinskilər ilk növbədə özlərinin XVII əsrdən başlayan bəy kökləri ilə seçilirdi. İsa-bəy Hacinski I gildiya taciri, iri mülkədar, neft milyonçusu idi. O Balaxanada, Sabunçuda, Binəqədidə geniş torpaq sahələri alaraq burada neft emalı ilə məşğul olur və şəxsi “İsa bəy Hacinski” adlı neft şirkəti təsis edir. Azərbaycan Demokratik Respublikası dövründə Hacinskinin 43 neft quyusu var idi və burada minlərlə fəhlə çalışırdı.
Qız Qalasının yanında, Neftçilər prospektində yerləşən möhtəşəm mülk İsabəy Hacinskinin iqamətgahlarından biri idi. Bu ərazidə qubernatorun mənzili və rezidensiyası yerləşirdi.
Binanın inşası 3 il davam edib və 1909-cu ildə başa çatmışdı. Mülk 40 otaqdan ibarətdir. Bu binanın üslubunda eklektika mövcuddur. Bir tərəfdən burada”qotik” üslublu elementlər özünü göstərməkdədir, məsələn, uclu qülləciklərin, asma eyvanların və daş işləmələrin olması, digər tərəfdən isə “barokko” üslublu dekorativ rəngarəng eyvanlar binaya xüsusi ahəng verir.
Lap əvvəl ev 6 mərtəbəli idi. Hər mərtəbə ailənin bir üzvünə məxsus idi. 1-ci mərtəbədə evin xidmətçiləri, mətbəx, camaşirxana yerləşirdi. 4-cü mərtəbədəki iri zalda kiçik səhnə yerləşdirilmişdi. Bu zalda müxtəlif bayramlarda musiqi ifaçıları iştirak edirdilər. Bakıda o zaman qastrol səfərlərində olan musiqiçilər bu zalda ailə üzvləri üçün konsert proqramları ilə çıxış edirdilər.
