«İçərişəhər» memarlıq-şəhərsalma kompleksi
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu
Xəzər dənizinin sahilində Abşeron yarımadasının cənub-qərbində, təpənin yamacında yerləşən İçərişəhər – Bakının tarixi mərkəzidir. Görünüşü ilə eyni zamanda qala-kremli və yaşayış zonasını xatırlayan İçərişəhər dünyada ən iri “daxili şəhərlərdən” biridir. Qala divarları ilə əhatə olunmuş İçərişəhər qoruq-muzey statusunu hələ 1977-ci ildən əldə etmişdir, 2000-ci ildə Qız Qalası və Şirvanşahlar sarayı kompleksi ilə birgə UNESCO-nun dünya mədəni irs siyahısına daxil olunmuşdur.İçərişəhər şəhər içində şəhərdir, bu yaşayış massivləri və kifayət qədər mürəkkəb infrastruktura malik olan canlı orqanizmdir. Hal-hazırda ərazisi 22,1 hektar təşkil edən İçərişəhərdə 1300 ailə yaşayır. Burada yüzlərlə tarixi abidə cəmləşmişdir ki, onlardan 4 – dünya əhəmiyyətli, 28-ölkə əhəmiyyətlidir, bir neçə muzey, iyirmiyə yaxın otel, yüzlərlə iaşə və ticarət obyektləri fəaliyyət göstərir.
Eyni zamanda bu şəhər üzərində şəhərdir. XX əsrdə ərazisində aparılan arxeolojı tədqiqatlar nəticəsində onun altında bir şəhər aşkarlanmışdır. Ölkə rəhbərliyi tərəfindən İçərişəhərin ərazisində yerləşən tarix – memarlıq abidələrinin qorunması və inkişafı üçün hər zaman böyük diqqət yetirilib və yetirilir. 17 fevral 2003-cü ildə Azərbaycanın ümummilli lideri, ölkə Prezidenti Heydər Əliyev cənabları tərəfindən “Tarix-memarlıq qoruğu İçərişəhərin qorunması və bərpa edilməsi” haqqında sərəncam imzalanmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 10 fevral 2005-ci ildə “Nazirlər Kabineti yanında İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin” yaranması haqqında fərman imzalamışdı. İdarənin əsas məqsədi İçərişəhər ərazisində maddi-mədəniyyət abidələrinin qorunması, tədqiqi, bərpası istiqamətində dövlət siyasətini həyata keçirmək, qoruğun sosial-iqtisadi inkişafını təmin etmək, onu müasir tələblərə cavab verən beynəlxalq turizm mərkəzinə çevirməkdir. Bu məqsədlərə çatmaq istiqamətində və İçərişəhərdə cəmləşən tarixi abidələrin və bütün memarlıq - şəhərsalma kompleksin gələcək nəsillərə qoruyub, çatdırmaq üçün idarəyə qoruğun ərazisində mərkəzi və yerli icra hakimiyyətinin səlahiyyətləri verilmişdir.
Master-plan və onun vacibliyi
Bununla yanaşı, İçərişəhərin ən yeni tarixində xoşagəlməz səhifə də var. 2003-cü ildə İçərişəhər UNESCO yanında Dünya İrsi Komitəsinin “qara siyahısına” daxil edilmişdir. Bu siyahı “Məhv olma təhlükəsində olan Dünya mədəni irs obyektlərinin siyahısı” adlanır. Bunun bir neçə səbəbi var idi. Birinci – bu Bakıda 2000-ci ilin noyabr ayında baş verən dağıdıcı zəlzələnin nəticəsi idi; ikinci – qoruğa böyük ziyan vuran İçərişəhərdə həyata keçirilən nəzarətsiz tikinti işləri, habelə memarlıq və tarixi əhəmiyyət daşıyan obyektlərin və tikililərin qeyri qanunsuz və icazəsiz sökülməsi; üçüncü səbəb – Qoruğun ərazisində vahid idarəetmə sisteminin və onun uzunmüddətli inkişaf konsepsiyasının olmaması idi.
Qoruğun UNESCO-nun “qara siyahısından” çıxarılması asan başa gəlməmiş və ölkə rəhbərliyinin bu problemə diqqəti və yuxarıda qeyd etdiyimiz sərəncamları olmasaydı mümkün olmazdı.
Bununla yanaşı İdarənin yaranması ilə paralel Qoruğun ərazisində qanunsuz tikililərin dayandırılması istiqamətində də ciddi tədbirlər görülmüşdür. Bunun nəticəsi kimi tarixi əhəmiyyət kəsb edən binaların sökülməsi dayandırılmışdır. Eyni zamanda xarici ekspertlərin və Azərbaycan mütəxəssislərinin iştirakı ilə “İçərişəhərin konservasiyası üzrə Master-Plan” hazırlanmış və İçərişəhərin ətrafında bufer zonası müəyyənləşdirilmişdir. Bu zonada da mühafizə obyekti olmuşdur. Ona görə ki, köhnə şəhərin siması onun ərazisində yerləşən təkcə tarixi abidələrin qorunması ilə kifayətlənmir, eyni zamanda İçərişəhərin bufer zonasından görünüşü ilə müəyyənləşir.
Master-planın əsas məqsədi İçərişəhərin memarlıq irsinin sistemli konservasiyası və beynəlxalq prinsiplərə cavab verən gələcək planlı inkişafının təmin edilməsidir. Plana uyğun olaraq İçərişəhərdə hər tikilinin tarixini tədqiq etmək; onların funksional istifadə edilməsinin analizini, vəziyyətini öyrənmək; tarixi - memarlıq dəyərini müəyyən etmək; habelə qeyd olunan tikililərin bərpa işlərinin məqsədəuyğunluqunu təyin etmək nəzərdə tutulur. Aparılan tədqiqatların nəticəsində gələcək addımlar müəyyənləşdirilmişdir. Eyni zamanda Bakı qalasının kommunal və kommunikasiya infrastrukturunun vəziyyəti təhlil edilmişdir. Master-plan İçərişəhərdə şəhərsalma konsepsiyasının müəyyən edilməsində ən vacib sənəddir. Bu sənədi köhnə səhərin konservasiyası və inkişafına dair əsas plan adlandırmaq olar. Bu çox mürəkkəb, cətin bir iş idi və bir neçə il ərzində Azərbaycan mütəxəssisləri cəlb olunmaqla beynəlxalq ekspertlər qrupu tərəfindən ərsəyə gətirilmişdir.
Beynəlxalq ekspertlərin qiyməti
Azərbaycanın bu istiqamətdə apardığı işlər beynəlxalq ekspertlər tərəfindən yüksək qiymətləndirilmişdir. Bundan əlavə, Qoruğa gələn UNESCO-nun ekspertlər missiyası, dünya mədəni irs siyahısına daxil olan və, ələxsus, məhv olmaq təhlükəsi ilə üzləşən digər obyektlərə nümunə kimi İçərişəhərin idarəetmə üsulundan yararlanmağa tövsiyə etmişdir.
İçərişəhərin “qara siyahıdan” çıxarılması haqqında qərar UNESCO-nun Dünya mədəni irs Komitəsinin İspaniyanın Sevilya şəhərində 25 iyun 2009-cu ildə keçirilən növbəti illik sessiyasında qəbul edilmişdir. İştirakçılar görülən işlər haqqında məlumatlandırılmış və belə qənaətə gəlmişlər ki, İçərişəhərin unikal dəyər kimi qorunmasına heç bir təhlükə yoxdur.
Bakının tarixi mərkəzinin İçərişəhər adlandırılması şəhərin XIX əsrin ortalarından neft bumu ilə əlaqədar, Qala divarlarından çıxıb genişlənməsi ilə bağlıdır. Bakı qalası Bakının mərkəzində, Xəzər dənizinin kənarında, təpəciklərdə yerləşmiş və qala divarları ilə əhatə olunmuşdur. Divarların hündürlüyü 8-10, eni 3,5 metrdir.
Unikal tarixi abidələr və turizm təkliflərinin geniş spektri onu turizm üçün ən əlverişli məkana çevirmişdi. Bu dincəlmək üçün ən romantik bir yerdir ki, burada siz antik və orta əsr dövrünə səyahət edib, müsbət enerji ilə yüklənəcəksiz.
Dövlətimizin dini siyasəti
26 oktyabr 2018-ci ildə Bakıda keçirilən IV Beynəlxalq Humanitar Forumundakı çıxışında Azərbaycan Respublikasının prezidenti İlham Əliyev demişdir: “Müxtəlif xalqların, dinlərin nümayəndələri əsrlərlə Azərbaycanda sülh, əminamanlıq, dostluq şəraitində bir ailə kimi yaşamışlar. Azərbaycanda bu istiqamətdə aparılan dövlət siyasəti yaxşı nəticələr verir. Bizim tarixi keçmişimiz, mədəniyyətimiz təsdiqləyir ki, Azərbaycanda müxtəlif dinlərin nümayəndələri hər zaman birgə, sakit yaşayıblar. Bizim tarixi, dini abidələrimiz bizim qədim tariximizdən xəbər verir və Azərbaycanın digər din nümayəndələri üçün doğma diyar, doğma məkan olduğunu təsdiqləyir. Azərbaycanda bu gün mövcud olan stabillik, vətəndaş həmrəyliyi bu dəyərlərə söykənir”.
