“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi
Icon Abidələr

Hacı Məmmədkərim Ramazanovun evi

Hacı Məmmədkərim Ramazanovun evi Hacı Məmmədkərim Ramazanovun evi Hacı Məmmədkərim Ramazanovun evi

XIX-cu əsrin sonu XX-ci əsrin əvvəllərində Bakıda neft sənayesinin inkişafı ilə şəhər qala divarlarından kənara çıxır. İqtisadi sıçrayış İçərişəhərin də mənzərəsini dəyişir. Bakı qalasında və ona bitişik bufer zonada Avropa, əl-əxsus, polyak memarları Bakı milyonçularının sifarişi ilə biri-birindən gözəl binalar inşa edirlər.  Bunlardan Ramazanovların mülkünü qeyd etmək olar. Bu əzəmətli bina XIX əsrin 90-cı illərində tikilmişdir. Bu ev adlı-sanlı tacir nəslinin nümayəndəsi Hacı Məmmədkərim Ramazanova və onun ailəsinə məxsus idi. Onun atası da tanınmış tacir olmuş və İçəri şəhərdəki Ağa Zeynal hamamını tikdirmişdi. Ramazanovlar ailəsi binanın dördüncü mərtəbəsində yaşayırdı. Aşağı mərtəbələrin biri kirayə verilir, digərində qızıl dükanları yerləşirdi, mərtəbələrin birində tamaşalar qoyulurdu.

Deyilənə görə  Məmmədkərim Ramazanovun uzun illər evladı olmur. Bir gün o mötəbər bir məclisdə Qurana əl basır və and içir ki, ilk övladı dünyaya gələndə o uşağın çəkisi qədər qızılı Məkkəyə nəzir edəcək.

Bu hadisədən çox çəkmir ki, Hacının ilk qız övladı dünyaya göz açır. Hacı dediyi sözün üstündə duraraq tərəzinin bir gözünə yeni doğulmuş körpəsini digər gözünə qızıl pullar tökür, hətta çəki düz gəlmək üçün belinin qızıl kəmərini də açıb tərəziyə qoyur. İlk qız övladından sonra Tanrı ona üç oğul övladı bəxş edir.

İllər ötür Hacının qızı həddibuluğa çatanda bir Bakı qoçusu qıza elçi çıxır. Hacı elçilərə rədd cavabı verir. Qəzəblənən qoçu Hacının böyük oğlunu qətlə yetirir. Bu hadisə ailəni çox sarsıdır. Hacının qızı ömrünün sonuna kimi ailə qurmur. Hacının yoldaşı hətta ölüm yatağında olarkən qapısına halallıq almağa gəlmiş qatili lənətləyir və bağışlamır.

Son illərə kimi Hacının nəvələri babalarının tikdirmiş olduğu bu mülkün bir balaca mənzilində yaşayıb haqq dünyalarına qovuşmuşlar.