“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi
Icon Abidələr

Dördbucaqlı qala

Dördbucaqlı qala Dördbucaqlı qala Dördbucaqlı qala

Bürc və yarımdairəvi qalalar Orta əsr şəhərlərinin müdafiə sisteminin ayrılmaz hissəsi idi. Dördbucaqlı qala XII əsrdə Bakı qalasının şərq divarı yanında, xüsusən şimal tərəfdən düşmənə müqavimət göstərmək məqsədi ilə tikilmişdir.

Orta əsr şəhərlərində qala-bürcün tikilməsində əsas məqsəd qala divarlarının müdafiəsini daha da etibarlı etmək, eləcə də qapalı və geniş əraziyə malik qaladan silah anbarı kimi istifadə etmək idi. Xalq arasında qalaya həm də “Cəbbəxana” (silah anbarı) deyirdilər. Qala-bürc şimal qala divarlarının daxili hissəsində əsgərlərin rahat hərəkəti üçün nəzərdə tutulmuşdur. Cəbbəxana Qoşa Qala qapılarınadək uzanan yeraltı yolun üstündə yerləşir. Qala-bürcün bu cür yerləşməsi əsgərlərin silah və sursat götürmək üçün yeraltı yolla cəbbəxanaya rahat girib-çıxa bilmək məqsədi daşıyırdı. Qaladan Şirvanşahlar Sarayı və ya Qız Qalasına uzanan yeraltı yolun olması və təhlükə zamanı şahın ailəsinin və yaxın çevrəsinin bu qala-bürcdə qorunması da ehtimal olunur. Qalanın silindrik künclərindən birinin daxilində yuxarı mərtəbələrə aparan vintvari pilləkən, cənub divarında, küncdə su quyusu vardır ki, bu da insanların uzun müddət qala daxilində sığınacaqda qalmasına yardım edirdi. Hörgü materialı kimi kəc və yerli əhəng daşından istifadə olunmuşdur. Qalanın hündürlüyü 16, divarlarının qalınlığı 2 metrdir.