Bakı xanlarının iqamətgahı
Bakı xanlarının iqamətgahı
Şamaxı qapılarının yaxınlığında, meydanın sol tərəfində XVIII əsrin memarlıq abidəsi-Bakı xanlarının iqamətgahı yerləşir.
1747-ci ildə Nadir şahın ölümündən sonra imperiya dağılır və Azərbaycan torpaqlarnda bir sıra xanlıqlar, sultanlıqlar yaranır. Bunlardan biri də Bakı xanlığı idi. Bu ev 1747-ci ildən 1806-cı ilə kimi, yəni Bakı xanlığının Çar Rusiyası tərəfindən işğalından sonra, Bakıda hökmranlıq etmiş Bakı xanlarının iqamətgahı olmuşdur. Bakı xanlarının iqamətgahı xan və onun yaxınlarına məxsus üç yaşayış evinin daxil olduğu bir kompleks olmuşdur. Onun giriş qapısı çatma tağ formasındadır və üzərində evin tikilmə tarixini göstərən bir kitabə var. Deyilənə görə Bakı xanlarının evinin divarları mahir rəssamların yağlı boya ilə çəkdikləri və sonralar qızıl suyu ilə çəkilmiş rəsm əsərləri ilə bəzədilmişdi. Sonralar rus generalı Bulqakovun əmri ilə bu şəkillər divarlardan çıxarılmışdı və naməlum istiqamətdə aparılmışdı. Təəssüflər olsun ki, onların sonrakı taleyi bizə məlum deyil. Hal-hazırda Bakı xanlarının igamətgahı bərpa-restavrasiya olunmuşdur.
