“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi
Icon Media

Xəbərlər

İçərişəhərdə növbəti Beynəlxalq Xalça Festivalı keçiriləcək

24.04.2026

İçərişəhərdə növbəti Beynəlxalq Xalça Festivalı keçiriləcək

1-3 may tarixlərində Bakının tarixi mərkəzi olan İçərişəhər növbəti dəfə sənət hadisəsinə – Beynəlxalq Xalça Festivalına ev sahibliyi edəcək.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Azərxalça” ASC-nin təşkilatçılığı, habelə İqtisadiyyat Nazirliyi və AZPROMO-nun dəstəyi ilə keçirilən festivalın əsas məqsədi Azərbaycan xalça sənətini qlobal miqyasda təbliğ etmək, eləcə də İçərişəhərin bənzərsiz tarixi mühitini dünya turizm platformasında daha geniş şəkildə tanıtmaqdır.

Festival mayın 1-də Bakı Biznes Mərkəzində baş tutacaq Beynəlxalq Xalça Forumu ilə start götürəcək. “Xalça sənayesi: dəyərin yaradılması, brendinq və dünya bazarına inteqrasiya. Mədəni irsdən rəqabətədavamlı qlobal məhsula doğru” mövzusuna həsr olunmuş bu forum xalça sənayesinin aparıcı ekspertlərini, dizaynerlərini, istehsalçı və tədqiqatçılarını, habelə ixracatçıları bir araya gətirərək mədəni irsimizin beynəlxalq səviyyədə təşviqi istiqamətində mühüm müzakirələrə meydan yaradacaq.

Festivalın növbəti günləri isə tamamilə İçərişəhərin tarixi ab-havasına köçürüləcək. Qoşa Qala meydanı 11 ölkənin milli pavilyonlarının nümayiş olunduğu və konsert proqramlarının keçirildiyi əsas mərkəzə çevriləcək. Eyni zamanda, Bakı Xanlar parkı və Vahid bağı boyu uzanan sərgi-satış yarmarkaları şəhər sakinləri və turistlərə unikal sənət nümunələrini yaxından görmək imkanı yaradacaq. Multani və Buxara karvansaraları öz qapılarını eksklüziv sərgi və məhsul təqdimatları üçün açacaq. Bu yaradıcılıq səyahəti İçərişəhərin hər nöqtəsində fərqli bir hekayə ilə davam edəcək. Dördbucaqlı Qalada qonaqlar xalçanın emal prosesini canlı izləyə, Böyük Qala küçəsində "Lükra", Şirvanşahlar meydanında isə "İlmə və İrs" kimi xüsusi toy zonaları ilə tanış ola biləcəklər. Asəf Zeynallı küçəsində qurulmuş "Xalça tuneli"ndən keçib Şuşa stendi qarşısında tariximizi dərindən hiss etmək, Xan bağında isə uşaqlar üçün yaradılmış xüsusi zonada sənətlə əyləncəni birləşdirmək mümkün olacaq.

Festivalın proqramı tanınmış yerli rəssamların, eləcə də Fransa, Qazaxıstan və Albaniya sənətkarlarının müxtəlif qalereyalardakı sərgiləri ilə zənginləşəcək. Qız Qalası meydanında keçiriləcək "Natavan Fashion Show", Fotoqrafiya evindəki "Naxış" tamaşası və Murad qapısı meydanlnda nümayiş olunacaq filmlər tədbirə xüsusi rəng qatacaq.

“Nənəmin Xalçası” inklüziv layihəsi isə sənətin birləşdirici gücünü bir daha nümayiş etdirəcək.

Hər kəsi 1-3 may tarixlərində qədim İçərişəhərdə tariximizin ilmələrdə canlanan sehrli dünyasını paylaşmağa dəvət edirik.

Ətraflı məlumat: bakucarpetfest.az