İyunun 1-də "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunda Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş “Unudulmaqda olan uşaq oyunları” festivalı keçirilib.
Tədbirə şəhid ailələrinin, Vətən müharibəsi qazilərinin övladları və digər həssas kateqoriyadan olan uşaqlar da daxil olmaqla, ümumilikdə 500-ə yaxın iştirakçı qatılıb. Festivala gələn uşaqlar Azərbaycan xalqının folklor nümunəsi kimi illərin sınağından keçərək yaşadılan, xalqımızın milli yaddaşını özündə əks etdirən “Bənövşə”, “Dəsmal aldı, qaç”, “Ənzəli”, “Çiləmə”, “Əl üstə kimin əli”, “Xan-vəzir” kimi oyunların mənşəyi və məzmunu barədə daha ətraflı məlumat alıb, həmçinin həmin oyunlarda iştirak ediblər.
Tədbirdə fərdi qaydada oynanan 5 oyun üzrə yarış da təşkil edilib. “Beş Daş”, “Dəyirman”, “Usta-şagird”, “Çilingağac” və “Fincan-fincan” oyunları üzrə keçirilən yarışlarda uğur qazanan ilk 3 yerin qalibləri mükafatlandırılıb.
Xəbərlər Qalereyası

Xəbərlər