“İçərişəhər” DTMQİ XIV əsrə aid qədim “Multani Karvansarası”nda bərpa-konservasiya işlərinə başlayıb. İdarə tərəfindən hər il baş plana əsasında tətbiq edilən bərpa və konservasiya işlərinin əsas məqsədi tarixi keçmişin qorunmasına xidmət edir.

Məlumat üçün qeyd edək ki, XIX əsrin sonlarında təkcə Bakı şəhəri ərazisində 18 karvansara mövcud olmuşdur. Hazırda İçərişəhərdə dörd karvansara günümüzədək qorunub saxlanmışdır. Bunlar Kiçik karvansara və ya “Xan” karvansarası, İkimərtəbəli karvansara, “Buxara” və “Multanı” karvansaralarıdır. “Buxara” karvansarası Orta Asiyadan gələn tacirlərin qaldıqları məkan idi. Müxtəlif ölkələrdən gələn tacir və səyyahlar ayrı-ayrı karvansaralarda qalırdılar. Məsələn, Hind tacirlərinin Azərbaycanın ticarət mərkəzlərində bilavasitə qaldıqları karvansaralar var idi. Onlar burada ticarət şəbəkəsi yaratmışdılar. Hind tacirləri ədviyyatdan başqa, karvanlarla Kəşmir parçaları, tirmə parça gətirir, onları qızıl pula satırdılar. Bu ticarətdə təkcə Bakı yox, Azərbaycanın digər şəhərləri də iştirak edirdilər. Bakının tarixi özəyi olan İçərişəhərdə qorunub saxlanmış “Multanı” karvansarası da bu karvansaralardan biridir.  

100 m2 ərazisi olan  Multanı karvansarası 200 il əvvələ aid daha qədim bir tikilinin üzərində inşa edilmişdir. Müasir günümüzə kimi qorunub saxlanan bu tarixi məkanın daha yüzilliklər qədimiliyini, tarixi görünüşünü qoruyub saxlamaq məqsədi ilə həyata keçirilən  bərpa-konservasiya işləri “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sifarişi ilə Avstriyanın tarixi abidələrin bərpası işi üzrə ixtisaslaşmış “Atelier Erich Pummer” şirkətinin mütəxəssisləri tərəfindən aparılır. Bu ölkə əhəmiyyətli daşınmaz tarixi və mədəniyyət abidəsi olan karvansarada bərpa işlərinin 2021-ci ildə tamamlanması nəzərdə tutulub.

 

”İçərişəhər” DTMQİ Mətbuat Xidmətinin məlumatı

Xəbərlər