“İçərişəhər” Azərbaycanın əsas turizm marşrutunda yerləşir. Qədim şəhər turizm baxımından Azərbaycanın ən populyar görməli yerlərindən biridir. O, mədəniyyət və turizmin inteqrasiyasında, yəni bir tam şəklində birləşməsində, vəhdət tapmasında mühüm rol oynayır. Qoruq İdarəsi mədəni turizmin inkişafına, turizm sənayesi ilə mədəniyyət və incəsənət sahəsində maraqlı tərəflərin əməkdaşlığına köməklik göstərir. Mədəni turizm yerli mədəni irsə ehtiram hissini aşılamaq məqsədilə ziyarətçilər üçün turizm məhsullarının istehsalını və xidmətləri nəzərdə tutur. Burada məqsəd mədəni irslə tanış olma imkanı və təcrübəsi qazanmaq, mədəni irsə cəlb edilmək və onu öyrənməkdir. İçərişəhərin davamlı inkişaf strategiyası qədim şəhərin dayanıqlı turizm çərçivəsində nümunəvi məkana çevrilməsinə istiamətlənmişdir. Ziyarətçilərin, ətraf mühit və sakinlərin ehtiyaclarını ödəyən cari və gələcək iqtisadi, sosial və ətraf mühit təsirlərini tam nəzərə alan turizm, məhz YUNESKO-nun müəyyənləşdirdiyi dayanıqlı turizmdir.

Əsrlərdən bəri insanların yaşadığı bu tarixi məkan, Azəbaycan etnоqrafiyasının, tarix və mədəniyyətinin canlı bir nümunəsidir. YUNESKO-nun Dünya İrsi siyahısıa daxil edilmiş bu qədim məkanda dayanıqlı turizmin yaradılması məqsədilə 20 il ərzində çox böyük işlər görülmüşdür. Neçə-neçə cahanşümul, ölkə və yerli əhəmiyyətli abidəmiz konservasiya və ya bərpa edilərək ömürləri uzadılmış, bir çox memarlıq abidələrimiz muzeyləşdirilərək qapılarını ziyarətçilərə açmışdır. İçərişəhərdə ənənəvi sənət və sənətkarlığımız geniş miqyasda təşviq olunur. Qədim şəhərdə suvenir mağazaları, xalça sexləri, ABAD və s. təsisatların yaradılması sayəsində pərakəndə satış müəssisələri üçün cəlbedicilik artmışdır. Burada turistik bir məkan kimi, restoranlar şəbəkəsi yaradılmışdır. Turistlər tarixi məkan atmosferasında milli mətbəximizin yeməklərini dadır, onunla tanış olurlar. Mədəni xidmətə daxil olan restoranlar şəbəkəsi ilə burada milli mətbəximiz də geniş təbliğ edilir.

Həyatının 24 ili İçərişəhərlə bağlı olmuş, Azərbaycanın maarifçi-demokratı, təbiətşünas alimi, publisist və pedaqoqu Həsən bəy Zərdabinin heykəlinin elə qoyulduğu tarixi məkanda qalması daha məqsədəuyğundur. Belə ki, görkəmli mütəfəkkirimizin heykəlinin arxasındakı keçmiş Ensiklopediya binasında təkcə restoran yox, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin elmi-tədqiqatla məşğul olan qurumları: Elmi-mədəni Mərkəz, Elmi-istehsalat Bərpa Emalatxanası, “İçərişəhər” Muzey Mərkəzi, həmçinin Azərbaycan Respublikasının Təhsil Nazirliyi nəzdində Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi də yerləşir. Turizmin inkişaf etdiyi bir dövrdə mütəfəkkir şəxsiyyətlərimizdən biri olmuş Həsən bəy Zərdabi bələdçilərimizin səyləri ilə turistlər arasında geniş təbliğ edilir.

Binadakı Elmi-istehsalat Bərpa Emalatxanası Qoruq ərazisindəki tarixi-memarlıq və mədəniyyət abidələrinin bərpasını, təmiri və regenerasiyası işlərinin layihələrinin hazırlanmasını, memarlıq abidələrinin deformasiya və dağılma səbəblərinin diaqnostikasını, tarixilik və memarlıq üslubunun elmi cəhətdən araşdırılmasını, abidələrin bərpası ilə bağlı təcrübənin öyrənilməsini həyata keçirir.

Elmi-mədəni Mərkəz ərazidəki tarixi-memarlıq abidələrinin elmi, tarixi və mədəni cəhətdən öyrənilməsi, milli mədəniyyətin inkişafına və təbliğinə kömək məqsədilə mədəni-kütləvi tədbirlərin həyata keçirilməsi ilə məşğuldur.

“İçərişəhər” Muzey Mərkəzi tarixi araşdırmalar və arxeoloji qazıntılar aparmaqla abidələrin aşkar edilməsini, öyrənilməsini təşkil edir. Qədim şəhərdə muzeylərin idarə edilməsi və inkişafı üçün cavabdeh olan bu qurum, abidələrin, muzey əşyaları və kolleksiyalarının mədəni və tarixi əhəmiyyətinin kütləvi təbliğini həyata keçirir. Bu məqsədlə sərgi, ekskursiya və mühazirələrin hazırlanmasını, elmi-populyar ədəbiyyatın nəşrini təşkil edir və elmi tədqiqat işi aparır.

Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik, Respublika Gənc Turistlər və Diyarşünaslıq mərkəzləri və T.İsmayılov adına Bakı Şəhər Uşaq-Gənclər Yaradıcılıq Sarayının bazasında yaradılıb. Mərkəzdə uşaq və gənclərin asudə vaxtlarının müxtəlif profilli istiqamətlər üzrə səmərəli təşkili və onların hərtərəfli inkişafı üçün elm, texnologiya, ekologiya və yaradıcılığın bütün sahələrini əks etdirən, müasir gəncliyin tələbatına uyğun dərnək və qruplar, klub və s. birliklər təşkil edilir, müxtəlif müsabiqə, sərgi, bayram tədbirləri, həmçinin elmi-laborator təcrübələr həyata keçirilir.

Xəbərlər Qalereyası

Xəbərlər