“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi
Icon Fəaliyyət

Bərpa və konservasiya layihələri

Qoşa Qala qapıları

Qoşa Qala qapıları

Dünya, ölkə və yerli əhəmiyyətli abidələrin qorunub saxlanılması, habelə bu məqsədlə onlarda vaxtaşırı bərpa və konservasiya işlərinin aparılması “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin prioritet fəaliyyət istiqamətlərindən biridir. Son illər ərzində Qız qalası, Şirvanşahlar Sarayı Kompleksi, Məhəmməd məscidi, Dördbucaqlı qala, Bəylər məscidi, Qala divarları və s. kimi dünya və ölkə əhəmiyyətli tarixi-memarlıq abidələrində uğurla tamamlanmış çoxsaylı bərpa və konservasiya layihələri bunun bariz nümunəsidir.

Sadalanan bərpa işlərinin əksəriyyəti Avstriyanın tanınmış “Atelier Erich Pummer GmbH” şirkəti tərəfindən həyata keçirilmişdir. Bu il isə təkcə İçərişəhər üçün deyil, bütövlükdə Azərbaycan tarixi üçün böyük dəyərə malik Qoşa Qala qapılarında həmin şirkət tərəfindən bərpa-konservasiya işləri uğurla həyata keçirilmişdir. 2019-cu ilin ortasında başlanmış layihəyə əsasən Qoşa Qala qapıları həm İçəri şəhər (daxili), həm də Bayır şəhər (fasad) istiqamətindən bərpa-konservasiya edilmişdir.

İlk olaraq bərpa və konservasiya işlərinə Qala divarlarının daxili hissəsindən başlanılmış, daha sonra isə qapıların yanındakı iki bürc də daxil olmaqla abidənin xarici hissəsi bərpa edilmişdir.

“İçərişəhər” DTMQ İdarəsi ictimaiyyətin nəzərinə çatdırır ki, Qala divarları bütövlükdə sonuncu dəfə 1952–1957-ci illərdə bərpa edilmişdir. Yarım əsrdən artıq müddət ərzində abidə yenidən bərpa olunmamış, yalnız 2011–2012-ci illərdə İdarə tərəfindən Qala divarlarının şimal-qərb istiqamətində yerləşən təxminən 150 metrlik hissəsi bərpa edilmişdir. Təbii olaraq, inşa tarixi erkən orta əsrlərə qədər uzanan bu əzəmətli abidə zaman keçdikcə xarici təsirlər nəticəsində zədələnir və daşlar aşınmaya məruz qalır.

Bu səbəbdən İdarə ölkə rəhbərliyinin daimi diqqəti və nəzarəti altında həyata keçirdiyi bərpa-konservasiya layihələrindən birini daha uğurla başa çatdırmış və İçərişəhərin XII əsrə aid simvollarından biri olan Qoşa Qala qapılarını bərpa etdirmişdir.

Qoşa Qala qapıları