“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi
Icon Fəaliyyət

Bərpa və konservasiya layihələri

Bəylər məscidi

Bəylər məscidi

2014–2015-ci illərdə məsciddə müasir tələblərə uyğun bərpa və konservasiya işləri həyata keçirilmişdir. Konsepsiyaya uyğun olaraq, binanın fasadında daşların tam dağılmış və ya çatışmadığı hissələrdə daşlar əlavə edilmiş, xüsusi əhəng məhlulu ilə bütün divar səthinin bənd yerləri möhkəmləndirilmişdir. Duz kristallarının vurduğu ziyan sellüloz əsaslı kompres vasitəsilə azaldılmışdır. Memarlıq abidəsinin yerləşdiyi küçənin qeyri-düzgün maililiyi səbəbindən yeraltı axıntı sularının binaya vurduğu ziyanın qarşısı alınmışdır. Açıq birləşmələr, divarlardakı çökmə çatları, yosun və şibyələrin əmələ gəldiyi sahələr, zədələnmiş və rəngi dəyişmiş hissələr “Abşeron qum daşına” uyğunlaşdırılmış xüsusi bərpa məhlulu ilə doldurulmuşdur. Bərpa uğurla yekunlaşmış və abidə öz təyinatına uyğun şəkildə muzeyləşdirilmişdir. Hazırda burada “Müqəddəs əmanətlər” adlı, qədim Qurani-Kərim nüsxələri və dini kitabların sərgiləndiyi ekspozisiya yerləşir.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İçərişəhərdə bərpa və konservasiya proseslərini YUNESKO-nun təşkilati dəstəyi ilə beynəlxalq ekspertlər qrupu tərəfindən hazırlanmış “Master Plan” əsasında həyata keçirir.

17–21 oktyabr 2010-cu il tarixlərində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi “İçərişəhər irsinin konservasiyası və inkişafında ‘Tarixi Şəhər Landşaftı’ yanaşmasının tətbiqi” mövzusunda beynəlxalq seminar keçirmişdir. Seminarda yerli mütəxəssislərlə yanaşı ABŞ, Finlandiya, Niderland, İtaliya, İspaniya, Böyük Britaniya, Fransa, Polşa, Avstriya və Avstraliya kimi ölkələri təmsil edən YUNESKO-nun Dünya İrsi Mərkəzinin nüfuzlu beynəlxalq ekspertləri də iştirak etmişdir.

Bundan əlavə, Qoruq İdarəsi bərpa və konservasiya sahəsində yerli mütəxəssislərin bilik və bacarıqlarının artırılması məqsədilə Almaniyanın “Remmers” və Avstriyanın “Atelier Erich Pummer GmbH” şirkətləri ilə əməkdaşlıq çərçivəsində “Restavrasiyanın nəzəri və təcrübi əsasları” proqramı üzrə “İnşaat qurğularının təhlili” mövzusunda 4 silsilə seminar təşkil etmişdir. Seminarlarda yerli bərpaçılar müasir bərpa metodları və texnologiyalarından istifadə üzrə təcrübə əldə etmişlər.

Qeyd edək ki, bu gün tarixi memarlıq abidələrinin özünəməxsusluğunu və uzunömürlülüyünü təmin etmək üçün müasir bərpa metodlarından istifadə edilir. Şəhərsalma tarixi nəzərə alınaraq ərazinin ansamblında mühüm yer tutan bir çox abidənin hissə və qalıqları üzərində elmi araşdırmalar aparılır. Elmi araşdırmaların nəticəsi olaraq bərpaçı hipotez (şəxsi qənaətə əsaslanan fikir) və analoqdan (oxşar nümunə) istifadə etməklə obyektin təsdiqlənmiş hissələrini bərpa edir və ilkin görkəmini formalaşdırır. Bərpanın əsas məqsədi qədim tikilini yenidən canlandırmaq və abidənin özəlliyini üzə çıxarmaqdır. Bu özəlliyi şəhərimizin qonaqlarına və yerli əhaliyə müasir üsullarla təqdim edən ən effektiv vasitə abidələrin muzeyləşdirilməsidir. İçərişəhərdə abidələr əhəmiyyət dərəcəsinə görə müxtəlif formada muzeyləşdirilir. Bu da tarixi şəhərin keçmişini anlatan və dövrünün tarixini təqdim edən əsas vasitədir.

Burada dünya əhəmiyyətli abidələr tam şəkildə muzeyləşdirilərək birbaşa abidənin özünə həsr olunur (Qız qalası, Şirvanşahlar sarayı, Məhəmməd məscidi). Ölkə əhəmiyyətli abidələr isə qismən muzeyləşdirilərək funksiyasına uyğun müstəqil obyektə çevrilir (karvansaralar, məscidlər, hamamlar). Yerli əhəmiyyətli abidələrdə isə qarışıq muzeyləşdirmə tətbiq olunur və müxtəlif ekspozisiya kompleksləri cəmləşdirilir (xüsusilə XIX–XX əsrlərə aid yaşayış binalarında). İçərişəhərin abidə və muzeyləri xalqa xidmət etməklə yanaşı, əhalinin ictimai şüurunun formalaşmasında və tarixi gerçəkliklərin öyrənilməsində mühüm rol oynayır.

Bəylər məscidi
Bəylər məscidi
Bəylər məscidi
Bəylər məscidi
Bəylər məscidi
Bəylər məscidi
Bəylər məscidi
Bəylər məscidi
Bəylər məscidi
Bəylər məscidi
Bəylər məscidi