Bərpa və konservasiya layihələri
Qız Qalası
Qalanın fasadının restavrasiyasını Avstriyanın Atelier Erich Pummer şirkəti həyata keçirib. Bu şirkət dünyanın müxtəlif ölkələrində 400-dən çox abidəni restavrasiya edib.
Konservasiya-restavrasiya işlərinə başlamazdan əvvəl onlar xüsusilə seysmik dayanıqlığı nəzərə alaraq abidənin davamlılığı üzrə detallı hesablamalar aparıblar. Bu işlərdə Avstriyanın Krems şəhərindən olan məşhur inşaat mühəndisləri Retter & Partner Ziviltechniker GmbH şirkətinin mütəxəssisləri iştirak ediblər.
Qız qalasının daxili və xarici görünüşünün bərpası ilə bağlı, abidələrin mühafizəsi qaydalarına uyğun olaraq, müxtəlif vəzifələr müəyyən edilmişdi. Bir tərəfdən ciddi konstruktiv qüsurları və zəif nöqtələri aradan qaldırmaq, digər tərəfdən isə binanın zahiri görünüşünü dəyişmədən fasadı və interyeri qorumaq lazım idi.
Bu səbəbdən restavrasiya dövrü üçün qaranquşlar başqa yerə köçürüldü. Qonşu binanın fasadına xüsusi hazırlanmış beş yüz quş yuvası quraşdırıldı ki, biz qala üzərinə tor çəkərək onu yuvalama dövründə qaranquşlardan qoruya bilək. Qalanın özündə qaranquşlar üçün təxminən 150 yuva yeri saxlanılmış, qonşu binada isə əlavə yuvalar üçün şərait yaradılmışdı. Quşların qorunmasına dair layihə IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) təşkilatı və İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tərəfindən səxavətlə dəstəklənmiş və təşviq edilmişdir.
Qız qalasının restavrasiyası 2011-ci ilin aprelində başlamışdır. Qala 2013-cü ilin yanvarından etibarən ziyarətçilər üçün bağlanmışdır.
Zədələnmiş səthlər və konstruksiyalar daş-daşa bərpa olunurdu. Çatlar və boşluqların doldurulması üçün əhəng suspenziyası və silisium turşusunun efiri injeksiya edilirdi.
Bütünlüklə qədimliyə gedib çıxan Bakı şəhərinin tarixi simvolu olan Qız qalası genişmiqyaslı restavrasiya işlərindən sonra 2 yanvar 2014-cü il tarixində yenidən ziyarətçiləri qəbul etməyə başlamışdır.
Hazırda burada yeni muzey ekspozisiyası fəaliyyət göstərir.
Restavrasiyadan sonra 2001-ci ildən UNESCO-nun Dünya İrsi Siyahısında yer alan 28 metrlik abidə öz tarixi simasını bərpa etmişdir.
Şəhərin İçərişəhər hissəsində tarixi abidələrin konservasiyası və restavrasiyası üzrə genişmiqyaslı işlər ölkə prezidenti İlham Əliyevin milli mədəni irsə göstərdiyi diqqət sayəsində mümkün olmuşdur.
Azərbaycanın birinci xanımı və Heydər Əliyev Fondunun rəhbəri olan Mehriban Əliyeva İçərişəhər də daxil olmaqla, Azərbaycanın mədəni dəyərlərinin və irsinin qorunması və təbliği işində mühüm rol oynayır.
