Elmi Şura
Elmi Şura
Elmi Şura “İçərişəhər” Muzey Mərkəzinin daimi fəaliyyət göstərən, ictimai əsaslı kollegial, elmi-konsultativ orqanı kimi 23 iyul 2025-ci il tarixində ilk iclasının keçirilməsi ilə fəaliyyətə başlamışdır.
Elmi Şuranın fəaliyyətinin əsas məqsədləri muzeyin elmi-ekspozisiya, tədqiqat, bərpa və metodiki fəaliyyətinin sistemli təşkili, elmi yanaşmaların tətbiqi və idarəetmədə keyfiyyətin artırılmasıdır.
Elmi Şuranın əsas vəzifələri İçərişəhərdə tarixi abidələrin muzeyləşdirilməsi, “Ağıllı Qoruq” layihəsi, rəqəmsal monitorinq sistemləri, təbii və mədəni irsin qorunması istiqamətində fəaliyyətlərin həyata keçirilməsidir. Şurada elmi fəaliyyət yalnız akademik deyil, eyni zamanda turizm və ictimai maarifləndirmə sahələrini də əhatə edir.
Şuranın əsas məqsədləri:
Mərkəzin fəaliyyətinin təkmilləşdirilməsi, inkişaf perspektivlərinin müəyyən edilməsi, elmi tədqiqatların effektivliyinin artırılması, əldə olunan nəticələrin praktik tətbiqi, əməkdaşların elmi cəhətdən hazırlanması, elmi-tədqiqat və yaradıcılıq işlərinə nəzarətin həyata keçirilməsindən ibarətdir.
Şuranın vəzifələri:
1) Mərkəzin elmi və nəşriyyat fəaliyyətinin əsas istiqamətləri və problemləri üzrə təklif və məsləhətlərin verilməsi;
2) Mərkəzin inkişaf proqramlarının hazırlanması;
3) Mərkəzin fondunda qorunub saxlanılan tarixi-bədii muzey əşyalarının elmi əhəmiyyətinin müəyyənləşdirilməsi;
4) Mərkəzin elmi-tədqiqat fəaliyyəti çərçivəsində illik və perspektiv iş planlarının layihələrinin hazırlanması;
5) Mərkəzin elmi fəaliyyətinə dair hesabatlarının hazırlanması və emal edilməsi;
6) Mərkəzin daimi ekspozisiyalarının brif konsepsiyaları, strukturları, tematik-ekspozisiya planları və memarlıq-bədii həllərinin hazırlanması;
7) Elmi nəşrlər üçün hazırlanmış məqalələr, konfrans materialları, elmi-populyar xarakterli materialların çapına dair rəylərin verilməsi;
8) Muzey əməkdaşları tərəfindən ixtisas işlərinin elmi dəyər və aktuallığının qiymətləndirilməsi.
Şuranın sədri - “İçərişəhər” Dövlət tarix-Memarlıq Qoruğunun İdarə Heyətinin sədri Rüfət Mahmud olmaqla aşağıdakı üzvlərdən ibarətdir:
Katib-Səadət Ələkbərova, İçərişəhər Muzey Mərkəzinin elmi katibi
Digər üzvlər:
Nailə Vəlixanlı - Milli Azərbaycan Tarix Muzeyinin direktoru, akademik
Ertegin Salamzadə - Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Memarlıq və İncəsənət İnstitutunun direktoru, akademik.
Teymur Kərimli- AMEA Əlyazmalar İnstitutunun direktoru, akademik.
Kərim Şükürov- AMEA A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun direktoru, professor.
Fərhad Quliyev- AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru, dosent.
Məlahət Fərəcova-AMEA Arxeologiya və Antropologiya İnstitutu, böyük elmi işçi.
Fikrət Abdullayev-tarix üzrə fəlsəfə doktoru.
Azadə Hüseynova-“İçərişəhər” Muzey Mərkəzinin direktoru.
Əminə Məlikova-Milli Xalça Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru.
Aytac Əlisultanlı-“İçərişəhər” Dövlət tarix-Memarlıq Qoruğunun İdarə Heyətinin üzvü.
Səbuhi Əhmədov-tarix üzrə fəlsəfə doktoru
Zərifə Məlikova-Muzey sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin direktoru.
Firdovsi Tağıyev--“İçərişəhər” Dövlət tarix-Memarlıq Qoruğunun Elmi- istehsalat bərpa emalatxanasının direktoru
Şurada prosedur və fəaliyyətin təşkili
Şuranın iclasları zərurət olduğu halda Şuranın sədri yaxud üzvlərinin yarısından çoxunun təşəbbüsü ilə çağırılır. İclasları Şuranın sədri, o, olmadıqda isə Mərkəzin direktoru aparır.
Şuranın sədri Şuranın ümumi fəaliyyətinə rəhbərlik edir, üzvlərin və elmi işçilərin təkliflərinə əsasən müzakirə üçün iş planını təsdiq edir, iclaslar çağırır və keçirir, üzvlərə tapşırıqlar verir.
Təşkilati, nəzarət-analitik və səmərələşdirmə işlərini həyata keçirilməsini katib təmin edir. Şuraya daxil olan materiallar və sənədlər daxil olduğu gün katib tərəfindən emal edilir və Şuranın sədrinə göndərilir.
Şura tərəfindən təsdiq edilmiş sənəd mütləq olaraq Mərkəzin elmi arxivinə və onun təyinatından və zərurətindən asılı olaraq, elmi əməkdaşların işinə yardımçı material kimi struktur bölmələrə təqdim edilir. Şuranın qərarları Mərkəzin bütün struktur bölmələri və elmi əməkdaşları tərəfindən rəhbər tutulmalıdır.
Şuranın sədri və katibi Şuranın qərarlarının və tövsiyələrinin icrasını mütəmadi yoxlayır. Bu yoxlamaların nəticələri Şuranın iclaslarında müzakirə olunur.
Şuranın tərkibi 15 nəfərdən ibarət olmaqla Azərbaycan Respublikasının aparıcı elmi ictimaiyyət nümayəndələri, Mərkəzin rəhbər heyəti, Mərkəzin fəaliyyət istiqamətləri üzrə mütəxəssislərdən təşkil edilir.
Şuranın tərkibi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin (İdarə) İdarə Heyəti sədrinin əmri ilə 3 il müddətinə təsdiq edilir.
İdarə Heyətinin sədri Şuranın sədri, Mərkəzin elmi katibi isə Şuranın katibi hesab edilir.
Şuranın sədri Şuranın fəaliyyətinə rəhbərlik edir, iclasları keçirir, işini təşkil edir, iclasların gündəliyini və protokollarını imzalayır.
Müraciət əsasında İdarə Heyətinin sədrinin əmri ilə Şuraya yeni üzv qəbul edilə bilər. Yeni üzvün qəbul edilməsi ilə bağlı məsələlərə Şuranın sədri baxır.
Şura üzvləri qərar layihələrinin müzakirəsində bərabər hüquqlara malikdir. Hər bir üzv qəbul edilən qərara etiraz etmək hüququna malikdir və öz fərqli mövqeyini yazılı şəkildə təqdim etməkdə sərbəstdir. Üzvlərdən biri Şuradan çıxdığı halda, yeni üzv əsasnaməyə uyğun qaydada seçilir.
