“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən İçəri Şəhərin turizm infrastruktrunun zənginləşdirilməsi və xalq sənətkarlığının hərtərəfli dəstəklənməsi istiqamətində işlər görülməkdədir. Bu istiqamətdə önəmli bir addım kimi İçəri Şəhər ərazisindəki “Kiçik Karvansara” abidəsində yerləşən Azərbaycan təsviri və dekorativ-tətbiqi incəsənət mərkəzi – “İncəsənət Bağı”nın fəaliyyətini göstərmək olar.

“Kiçik Karvansara” və ya “Хаn Kаrvаnsаrаsı” adlanan, uzun illər baxımsızlıqdan qəza vəziyyətinə düşən ölkə əhəmiyyətli abidədə İçəri Şəhərin Konservasiyası üzrə Master Plan çərçivəsində əsaslı şəkildə bərpa-konservasiya işləri aparılmış, karvansara öz əvvəlki möhtəşəm şəklinə qaytarılmışdır. Burada yaradılmış mərkəzdə yerli incəsənət ustalarının fəaliyyəti təşkil edilmiş, xalçaçılıq, ağac oyma, dulusçuluq, zərgərlik, milli geyimlər, dekorativ yaşıllaşdırma və digər tətbiqi sənət işləri nümayiş etdirilir.

Ustaların işləri folklor xarakteri daşıması ilə yanaşı eyni zamanda maarifçilik missiyasına malik olacaqlar. İşin əsas məğzini yaradıcılıq prosesinin teatrlaşmasıdır. Belə ki, “İncəsənət Bağı”na gələcək hər bir qonaq milli tətbiqi sənət nümunələrinin hazırlanması prosesində bilavasitə iştirak etmək imkanını əldə edərək özünü bir anlıq usta kimi hiss edəcək.

Mərkəzi hücrədə isə yerli və xarici incəsənət ustalarının əsərlərinin və əl işlərinin nümayişi keçirilir. “İncəsənət Bağı”nın qapıları bakılılar və şəhərimizin qonaqları üçün hər zaman açıqdır.

“İncəsənət Bağı”nda “Cənnət”
İçəri Şəhərdə “İncəsənət Bağı”nın açılışı olmuşdur
İçəri Şəhərdə "İncəsənət Bağı" fəaliyyətə başlayır