İçərişəhər ərazisində fəaliyyət göstərən əsas muzeylər aşağıdakılardır: “Qız Qalası” və “Şirvanşahlar Sarayı” Muzey Kompleksi, Arxeologiya və Etnoqrafiya Muzeyi, Miniatür Kitab Muzeyi, Vaqif Mustafazadənin Ev-Muzeyi və Kamil Əliyevin Ev-Muzeyi.

Qız Qalası

Qız Qalası Bakı şəhər qalasının cənub-şərq hissəsində yerləşir. Nəhəng silindr formasında olan bu abidənin hündürlüyü 28 metrdir. Təməl hissədə qala divarlarının qalınlığı 5 metrə, 8-ci mərtəbədən yuxarıda isə 4 metrə çatır. Qala 8 gümbəzdən ibarətdir ki, onlar Qalanı 8 mərtəbəyə bölür.

Bütün şərqdə analoqu olmayan qeyri-adi forması onun qədimliyi haqqında xəbər verir. Bir sıra tədqiqatçılar abidənin atəşpərəstlərin ibadət yeri olmasını güman edirlər və bununla əlaqədar onu b.e.ə. VIII-VII əsrlərə aid edirlər. Çox böyük ehtimalla söyləmək olar ki, abidə müdafiə istehkamı rolunu oynamış və Şirvanşahların ümumi müdafiə komleksinə daxil olmuşdur.

Şirvanşahlar Sarayı

İçərişəhərin yüksəkliklərindən birində orta əsrlərə aid Şirvanşahlar Sarayı kompleksi yerləşir. Sarayın əsası XII əsrdə qoyulmuş və tikinti XV əsrdə başa çatmışdır.

Saray müxtəlif hündürlüklərdə olan üç daxili həyətdən ibarətdir. Sarayın özü və Şirvanşah Fərrux Yasərin türbəsi (Divanxana) yuxarı həyətdə yerləşir. Aşağı həyətdə saray məscidi və Şirvanşahların türbəsi yerləşir. Türbə Şivanşah Xəlilullahın əmrilə, oğlu və anası üçün tikilmişdir. Bir az daha aşağıda hamam və ovdan yerləşir. Üç həyət bir yerdə, qala divarları ilə əhatə olunmuş tam bir kompleks əmələ gətirir.

Kompleksdə XVI əsrə aid yeganə abidə “Murad Qapısıdır”. Üzərindəki yazı 994-cü ildə (hicri) = 1585-86-ci ildə (miladi) Sultan III Muradın şərəfinə tikilməsi barədə məlumat verir.

Bunlarla yanaşı Şirvanşahlar Sarayı kompleksində “Bayıl Daşları” da saxlanılır. Üzərində kitabə və təsvirlər olan bu daş lövhələr Şirvanşahların müdafiə qalası olan Bayıl qəsrinin qalıqlarıdır. Daş lövhələrin ölçüləri müxtəlifdir 0,73x0,30m; 0,73x0,45m; 0,71x0,25m; 0,66x0,35 və s. Lövhələrin qalınlığı 13-15 sm-dir. Daşlar qaya üzərində qala tikilisinin ətrafında aparılmış arxeoloji qazıntılar nəticəsində aşkarlanmışdır. Üzərlərində göstərilən tarixə əsasən bu daş lövhələri XIII əsrə aid etmək olar.

Arxeologiya və Etnoqrafiya Muzeyi

Bu muzeydə Siz bizim eramızdan əvvəl və orta əsrlər dövrünə aid mühüm arxeoloji abidələr görəcəksiniz, Azıx mədəniyyətindən başlamış müxtəlif mədəniyyətlərlə tanış olmaq olar. Həmçinin bu muzeydə Azərbaycan xalqının adət-ənənələrini əks etditən müxtəlif ekspozisiyalar və maddi-mədəni nümunələr də nümayiş olunur.

Miniatür Kitablar Muzeyi

2002-ci ildə İçərişəhərdə dünyada ilk şəxsi Miniatür kitablar muzeyi açılmışdır. Muzeyin təsisçisi Zərifə Salahova 27 il ərzində 6000-dən çox miniatür kitab toplamışdır. Hal-hazırda muzeydə dünyanın 62 ölkəsində nəşr olunmuş 4350 miniatür kitab sərgilənir. Z.Salahovanın kolleksiyasındakı ilk kitab, 1982-ci ildə əldə etdiyi 1835-ci ildə dərc olunmuş İ.Krılovun təmsilləri kitabıdır.

Burada həmçinin böyük Azərbaycan klassikləri Nizami, Fizuli, Nəsimi və həmçinin S.Vurğun kimi şairlərin miniatür kitabları sərgilənir. Muzeyin kitab rəflərinin birində miniatür Quran və digər dini kitablar saxlanılır. Həmçinin Cek London, O.de Balzak, Flober kimi xarici klassiklərin miniatür formalı kitabları nümayiş olunur.