Beləliklə, Siz artıq İçərişəhərdəsiniz. Ərazinin ümumi ruhunu hiss etmək üçün, Sizə unikal tarixi abidələri təqdim etmək üçün ekskursiya marşrutları təklif olunur.

1) İçərişəhərə əsas girişlərdən biri Qoşa Qala Qapısıdır (Şamaxı Darvazası). Qoşa Qala Qapısı (XII əsr) köhnə şəhərə giriş, hündürlüyü 8-10 metr, eni 3-3,5 metr olan qala divarları ilə əhatə olunur. Qala divarları Şirvanşah III Mənuçehrin əmrilə tikilmişdir (1120-1160 illər). Qalanın yarımbürclərindən birinin uçması nəticəsində aşkar olunmuş yazılı kitabə bu haqda məlumat verir. Orta əsrlər dövründə köhnə şəhər ikiqat qala divarları ilə əhatə olunmuşdur ki, bu da onu xarici hücumlardan qoruyurdu. Xaricdən divarları xəndək əhatə edirdi, təhlükə anında bu xəndəklər xüsusi kanallar vasitəsilə ilə su ilə doldurulurdu. Qala divarlarının birinci və ikinci qatının arasında da xəndək var idi. O da neft ilə doldurulurdu və düşmən hücumu zamanı yandırılırdı. Beləliklə, şəhəri almaq üçün su və oddan keçmək lazım idi.

2) Qoşa Qala Qapısından İçərişəhərə daxil olarkən geniş bir meydana çıxırsınız. Burada (Qoşa Qala Qapısından sağ tərəfdə) Köhnə Gömrük Binası yerləşirdi ki, burada digər gömrük prosedurları ilə yanaşı hər kəs sanitar-gigiyenik təmizlənmədən keçməli idi, heyvanların ayaqlarına isə qudrondan hazırlanmış xüsusi məhlul çəkilirdi. Yolçular yalnız bundan sonra şəhərə buraxılırdılar.

3) Meydanın sağ tərəfində (hazırda burada elektrikpayalayıcı şəbəkənin idarələrindən biri yerləşir) Müqəddəs Nikolay Kilsəsi yerləşirdi. Azərbaycanın Rusiyaya birləşdirilməsindən az sonra 1850-ci illərdə Rusiya hökuməti İçərişəhərin ərazisində ən hündür yerdə kilsə ucaltmağı qərara aldı. Gürcü-Bizans üslubunda tikilmiş kilsənin memarı Belov idi. Hündürlüyü 45 metr olan kilsənin inşası 1858-ci ildə bitir. Kilsəyə gürcü ekzarxı arxiyepiskop İsidorun təşəbbüsü və təkidi ilə e.ə. Likiya dövlətinin Mira şəhərində yaşamış arxiyepiskop müqəddəs Nikolaus Miralikiyskinin adı verilmişdir. Türkiyənin Antalya şəhəri yaxınlığındakı qədim Mira adlı qəsəbədə hal-hazırda arxiyepiskop müqəddəs Nikolausun ev muzeyi və kilsəsi var.

4) Meydanın sol tərəfində XVIII əsrin memarlıq abidəsi – Bakı Xanlarının İqamətgahının qalıqları yerləşir. Bu kompleks 1747-ci ildən 1806-cı ilə qədər Bakıda hökmranlıq etmiş Bakı xanlarının yaşayış yeri olmuşdur. Onun bizim dövrümüzə gəlib çatmış çatma tağ formasında olan giriş qapısı üzərində iqamətgahın tikilmə tarixini göstərən bir kitabə var. 1806-cı ildə Bakı xanlığı Rusiyaya birləşdirildiyi zaman general Bulqakov bu evdə yaşamışdır. Bakı Xanlarının evinin divarları mahir rəssamların yağlı boya ilə çəkdikləri və sonralar qızıl suyuna çəkilmiş rəsm əsərləri ilə bəzədilmişdir. Sonralar general Bulqakovun əmrilə bu şəkillər divarlardan çıxarılmışdır.

5) “Zəncirli Ev” (XIX) Bakı taciri Hacı Məmməd Hüseyn Məmmədovun binası olmuşdur. Arxiv materiallarına əsasən bir vaxtlar bu binanın yuxarısında yan tərəflərdə də heykəllər var idi. Hal-hazırda bu binada Etnoqrafiya və Arxeologiya Muzeyi yerləşir.

6) Qüllə küçəsində yerləşən Multanı Karvansarası (XIV) karvan ticarət yolu üzərində tikilmiş və Multan tacirlərinin müvəqqəti qaldıqları və ticarət etdikləri orta əsr qonaq evidir.

7) Multanı Karvasarası ilə üz-bə-üz yerləşən Buxara Karvansarası Orta Asiyadan Bakıya ticarətə gələn tacirlər üçün sığınacaq rolunu oynayırdı. O, XV əsrin sonunda Şamaxı darvazalarından girən ticarət magistralının üzərində tikilmişdir. Kvadrat formalı karvansaranın həyəti səkkizguşəli formadadır.

8) Xanəgah (XII) – bura sufi şeyxlərinin yaşayıb yaratdıqları yerdir. Xanəgahlar, bir qayda olaraq karvan ticarət yolları üzərində yerləşirdilər və bir sıra abidələr kompleksindən ibarət idilər. Buraya məscid, türbə, hamam, karvansara və digər dini-ictimai abidələr daxil idi. Xanəgahlar fəxri dəfn və müqəddəs yerləri idi. Bu abidə 1964-cü ildə aparılmış arxeoloji qazıntılar nəticəsində aşkarlanmışdır.

9) Qız Qalası Bakı şəhərinin simvoludur və İçərişəhərin cənub-şərq hissəsində yerləşir. Dünya miqyasında çox nadir formalı bu abidənin hündürlüyü 28 m olan nəhəng silindri xatırladır. Qalanın divarlarının qalınlığı təməl hissədə 5 m, 8-ci mərtəbə hündürlüyündə isə 4 metrə çatır. Qalanın 8 gümbəzi var və onlar Qalanı 8 mərtəbəyə bölür. B.e.ə. VIII-VII əsrlərdə məbəd kimi yaranmış abidə orta əsrlərdə müdafiə istehkamı rolunu oynamışdır.

10) Qız Qalasının yanında müqəddəs Varfolomey Kilsəsinin qalıqları yerləşir. Varfolomey İsa Peyğəmbərin 12 apostolundan biri idi. Apostol Varfolomey dərin kök salmış atəşpərəstlik ənənələri olan Bakıda xristianlığı təbliğ etdiyi üçün, 71-ci ildə onu Qız Qalasının qarşısında İsa Peyğəmbər kimi edam edirlər. Sonralar onun edam və dəfn edildiyi yerdə alban kilsəsi tikilir. 1892-ci ildə Qız Qalası yanındakı qədim məbədin yerində müqəddəs Varfolomey kilsəsi tikilir. Lakin, Sovet dövründə bu kilsə bir çox başqa kilsələr kimi dağıdılmışdır. Xristian kilsəsi apostol Varfolomeyi müqəddəslər siyahısına daxil edib. Hər il 24 iyun Müqəddəs Varfolomey günü kimi qeyd olunur.

11) Hacı Bani Hamamı (XIV əsr). Köhnə şəhərdə hər məhəllənin öz hamamı olurdu. Memarlıq quruluşuna görə hamamların yarı hissəsi yerin altında olurdu ki, bu da qışda buranın isti, yayda isə sərin olmasına şərait yaradırdı. Hamamlar həmçinin görüş, ünsiyyət yeri, özünəməxsus klub rolunu da oynayırdılar. Hamamlar sanitar-gigiyenik funksiya daşıdıqlarından əlavə, insanların öz asudə vaxtlarını səmərəli keçirmələri üçün ən gözəl yer idi.

12) Muğam Teatrı (XV əsr) ikimərtəbəli karvansaradır (qonaq evi). Bu karvansaranın iki giriş qapısı var. Düzbucaq formalı bu abidənin səkkizüzlü qapalı həyəti var. Səkkizüzlü həyətin bütün perimetri boyunca birinci mərtəbədə 20, ikinci mərtəbədə isə 22 hücrə yerləşir.

13) Asəf Zeynallı küçəsində yerləşən Aşur Məscidi (XII) 1169-cu ildə ustad Nəcəf Aşur İbrahim oğlu tərəfindən inşa edilmişdir. Məscid xalq etimologiyası dilindəki “Ləzgi məscidi” adını XIX əsrin sonu – XX əsrin əvvəllərində Bakıda neft sənayesi inkişaf etməyə başlayan zaman almışdır. Bu dövrdə Bakıya böyük işçi qüvvəsi axını baş vermişdir ki, buraya Dağıstandan gələnlər də aid idilər. Bu məscid dini mərasimlərin yerinə yetirilməsi üçün işçi ləzgilərə verilmişdir.

14) Came Məscidi (XII) orta əsr Azərbaycanının sosial-siyasi və mədəni həyatında mühüm rol oynamışdır. İslam Azərbaycan feodal dövlətlərinin ideologiyası idi, onun daşıyıcıları müsəlman ruhanilər idi. Ruhanilər böyük siyasi güvvə və mülkə malik idilər ki, bu da irsi xüsusiyyət daşıyırdı və böyük gəlirlər gətirirdi. Təhsil məsələləri də həmçinin ruhanilərin əlində idi. Beləliklə, ruhanilər güclü sosial bazaya və maliyyə azadlığına malik idilər. Bu səbəbdən hakimlər də ruhanilərlə hesablaşmalı olurdular. Orta əsrlər dövründə Came məscidləri ictimai-mədəni mərkəz kimi fəaliyyət göstərirdilər. Burada dövlət məhkəməsi yerləşirdi, bütün əmr və sərəncamlar xalqa buradan çatdırılırdı. Came məscidi dəfələrlə bərpa edilmişdir. O, XIX əsrin sonu XX əsrin əvvəllərində məşhur Bakı taciri Hacı Şeyxəli Dadaşov tərəfindən bərpa edilmişdir.

15) Mədrəsə (XII) – məscidlərin nəzdində fəaliyyət göstərən ali təhsil ocağı idi. Mədrəsələr orta məktəblər üçün müəllim hazırlayırdılar.

16) Məhəmməd Məscidi İçərişəhərin ən qədim islam dövrü abidəsidir. Bu məscidin şimal fasadında giriş qapısından bir qədər aralı ərəbcə yazılmış kitabə var: ”Bu məscid rəis Məhəmməd ibn Əbubəkr tərəfindən inşa olunub”. h.471 (1078-79). Həmin dövrdə şəhər hakimi rəis adlandırılırdı. Rəislər şəhər əhalisinin varlı təbəqəsi arasından seçilirdi. Rəislər hakimiyyət ilə xalq arasında körpü rolunu oynayırdılar və hakimiyyət qarşısında xalqın nümayəndəsi kimi çıxış edirdilər. Rəislər şəhərdə bir sıra tikililər, məscidlər, hamamlar və s. inşa etdirirdilər. Bu məscid xalq arasında “Sınıq Qala “ da adlandırılır. Onun minarəsinin hündürlüyü 22 metrdir. Bu minarə massivliyinə və stalaktitlərin mürəkkəbliyinə görə seçilir.

17) Şirvanşahlar Sarayı Kompleksi (XII-XV əsr) minillik tarixi olan Şirvan dövləti hökmdarlarının son iqamətgahıdır. 1191-ci ildə Şamaxıda baş vermiş güclü zərzələdən sonra Şirvanşahların paytaxtı Bakıya köçürülmüş və Şirvanşahlar Saray Kompleksi tikilmişdir.

İçərişəhərə gələn qonaqların istəyinə uyğun olaraq bu və digər tarixi-memarlıq abidələri üzrə 1-3 saat müddətində davam edən müxtəlif marşrutlar üzrə ekskursiyalar təşkil olunur.