İçərişəhər – Qədim Şəhər – Azərbaycan xalqının mədəni irsinin nadir incisi, hər bir Azərbaycanlının qürur mənbəyidir. 22 hektarlıq, çox da böyük olmayan ərazidə yüzlərlə tarixi abidə vardır ki, bunlardan da 4-ü dünya, 28-i yerli əhəmiyyətlidir. İçərişəhər – şəhər içərisində unikal şəhərdir. Onun unikallığı eyni zamanda öz infrastrukturu və yaşayış massivləri ilə birlikdə canlı orqanizm olması ilə ölçülür. İçərişəhərdə 1300-dən çox ailə yaşayır, bir neçə muzey, 18 otel, 100-dən artıq ticarət və iaşə obyektləri fəaliyyət göstərir.

İçərişəhər qalası Azərbaycan Respublikası ərazisində, Bakı şəhərinin mərkəzində, Xəzər dənizi sahilində orta yüksəklikli təpəliklərdə yerləşir və qala divarları ilə əhatə olunur. Divarların, hündürlüyü 8-10, eni isə 3,5 metrə çatır.

Unikal tarixi abidələr və turizm potensialının geniş spektri İçərişəhəri turizm üçün maraqlı məkanlardan birinə çevirir.

İçərişəhər dincəlmək üçün çox romantik bir yerdir ki, siz orta əsrlər dövrünə səyahət edəcək, o dövrün ruhunu duyacaq və müsbət enerji qazanacaqsınız.

Bakı, İçərişəhər mülayim iqlimli subtropik qurşaqda yerləşir. Burada qış mülayim, yay quru və isti, yaz və payız mülayim isti keçir, yağışlar payızın sonu, yazın başlanğıcında düşür.