Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi
Sayt üzrə naviqasiya
{content}
İdarənin Əsasnaməsi
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
(16 may 2007-ci il)
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Əsasnaməsinin, İdarənin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin fəaliyyətini təmin etmək məqsədi ilə qərara alıram:
1. “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Əsasnaməsi” təsdiq edilsin (əlavə olunur).
2. “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturu” təsdiq edilsin (əlavə olunur).
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin aparatının işçilərinin say həddi 56 ştat vahidi müəyyən edilsin.
4. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tabeliyində olan qurumları dövlət büdcəsinin vəsaiti hesabına, həmçinin özünümaliyyələşdirmə prinsipləri əsasında fəaliyyət göstərirlər.
5. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində: 5.1. qüvvədə olan normativ hüquqi aktların bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 5.2. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin fəaliyyəti üçün zəruri olan maliyyə və maddi-texniki təchizat məsələləri ilə bağlı müvafiq tədbirləri həyata keçirsin; 5.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
6. “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 315 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 11, maddə 1010; 2006-cı il, № 9, maddə 743) qüvvədən düşmüş hesab edilsin.
7. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 16 may 2007-ci il.
№ 574
Azərbaycan Respublikası Prezidentinin
2007-ci il 16 may tarixli 574 nömrəli fərmani ilə
təsdiq edilmişdir
I. Ümumi müddəalar
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (bundan sonra - İdarə) “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu (bundan sonra - Qoruq) sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən, Qoruğun ərazisində yerləşən tarix və memarlıq abidələrinin elmi, tarixi və mədəni cəhətdən öyrənilməsini, məqsədyönlü istifadəsini, qorunub saxlanmasını, inkişafını təmin edən icra hakimiyyəti orqanıdır.
2. İdarə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 fevral tarixli 200 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu haqqında Əsasnamə”ni və bu Əsasnaməni rəhbər tutur.
3. İdarə öz vəzifəsini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
4. İdarə müstəqil balansa, qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, müvafiq xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri olan və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.
5. İdarənin fəaliyyətinin maliyyələşdirilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti və qanunvericiliyə zidd olmayan digər mənbələr hesabına həyata keçirilir.
6. İdarə Bakı şəhərində yerləşir.
II. İdarənin fəaliyyət istiqamətləri
7. İdarənin fəaliyyət istiqamətləri aşağıdakılardır:
7.1. Qoruq sahəsində vahid dövlət siyasətinin formalaşmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir;
7.2. Qoruq sahəsinə aid proqnozlaşdırma və planlaşdırma işlərini təşkil edir və Qoruğun inkişafını təmin edir;
7.3. Qoruğun ərazisində yerləşən abidələri elmi, tarixi və mədəni cəhətdən öyrənir, onlardan məqsədyönlü istifadə olunmasını təşkil edir və qorunub saxlanmasını təmin edir;
7.4. Qoruğun ərazisində yerləşən abidələrin həcm-planlaşma quruluşunu qoruyur, tarix-memarlıq abidələrinin bərpasını və toxunulmazlığını təmin edir;
7.5. Qoruğun ərazisində aparılan abadlıq, bərpa, inşaat, təmir, rekonstruksiya və regenerasiya işlərinin layihələrinin ekspertizasını təmin edir, onların həyata keçirilməsinə razılıq verir və gedişinə nəzarət edir;
7.6. Qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.
III. İdarənin vəzifələri
8. İdarə bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:
8.1. Qoruq sahəsində öz səlahiyyətləri çərçivəsində normativ tənzimləməni həyata keçirmək;
8.2. Qoruq sahəsinə aid olan dövlət proqramları və inkişaf konsepsiyalarının hazırlanması və həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək;
8.3. Qoruq sahəsinin planlaşdırılmasına və idarəçiliyinə aid müvafiq planları hazırlamaq və həyata keçirmək;
8.4. Digər icra hakimiyyəti orqanlarının Qoruq sahəsi ilə bağlı fəaliyyətini əlaqələndirmək;
8.5. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək;
8.6. Qoruq sahəsində dövlət nəzarətini həyata keçirmək;
8.7. Qoruğun ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin qorunmasını və ərazi üçün müəyyən olunmuş rejimin saxlanmasını təmin etmək, qorunan obyektlərin daimi mühafizəsini təşkil etmək, tarix və mədəniyyət abidələrinin funksional təyinatının, memarlıq-estetik görünüşünün və uzunömürlülüyünün təmin edilməsi üçün müvafiq tədbirlər görmək;
8.8. Qoruq ərazisində hər hansı bərpa, inşaat-təmir, rekonstruksiya, regenerasiya və konservasiya layihələrinin ekspertizasını keçirmək, müxtəlif qorunma tələbləri irəli sürmək, layihələrin həyata keçirilməsinə razılıq vermək və işlərin razılıq verilmiş layihə və tələblərə uyğun aparılmasının monitorinqini təşkil etmək;
8.9. Qoruğun mühəndis-kommunikasiya strukturunun, kommunal xidmətlərinin fəaliyyətini təmin etmək, yaşayış və qeyri-yaşayış fondlarının qeydiyyatını təşkil etmək, abidələrin və tikililərin bərpa və təmirini planlaşdırmaq və təşkil etmək, bu işlərin həyata keçirilməsinə nəzarət etmək;
8.10. Qoruq ərazisində yerləşən tarix və memarlıq abidələrinin və tikililərin inventarlaşmasını aparmaq, səlahiyyətləri daxilində texniki pasportlaşmanı həyata keçirmək və abidələrin əhəmiyyətinə aid müvafiq siyahıları formalaşdırmaq;
8.11. Tarix və mədəniyyət abidələrinin istifadə rejimini təmin etmək, abidələrin qorunması, onlardan istifadə qaydaları və qoruğun mühafizə rejiminin pozulmasının qarşısının alınması və təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi ilə əlaqədar qanunvericiliklə müəyyən edilmiş qaydada zəruri tədbirlər görmək;
8.12. Qoruq ərazisində yerləşən obyektlər icarəyə verilərkən və özəlləşdirilərkən qoruq üçün müəyyən olunmuş rejimə riayət edilməsinə nəzarət etmək, Qoruq ərazisində yerləşən dövlət mülkiyyətində olan abidələrin qanunvericiliyə uyğun olaraq özəlləşdirilməsinə və dövlət (bələdiyyə) mülkiyyətində olan abidələrin istifadəyə verilməsinə razılıq vermək və qoruma öhdəliklərinə dair xüsusi müqavilələr bağlamaq;
8.13. Qoruq ərazisindəki rekreasiya zonalarını, yaşıllaşdırma sahələrini və nəqliyyat hərəkətini müvafiq qaydada təşkil etmək, abidələrə yaxın olan və ya onların mühafizə zonasından keçən yol sahələrində nəqliyyat vasitələrinin hərəkəti abidələrin qorunması üçün təhlükə yaratdıqda, onların məhdudlaşdırılması və ya qadağan edilməsi üçün qanunvericiliyə uyğun qaydada tədbirlər görmək;
8.14. Qoruq sərhədləri daxilində abidələr üçün hər hansı təhlükə yarada bilən təmir işlərinin aparılmasına qadağa qoymaq, bununla əlaqədar təhlükəsizlik tədbirlərini müəyyənləşdirmək və tətbiq etmək, tələblər irəli sürmək və yerinə yetirildiyi halda işlərin davamına razılıq vermək;
8.15. Bu Əsasnamədə nəzərdə tutulan hallarda əraziyə aid müvafiq hüquqmüəyyənedici sənədlər vermək;
8.16. Qoruq ərazisində turizmi inkişaf etdirmək, turist marşrutlarını müəyyən etmək və bununla bağlı infrastrukturun yaradılmasını təşkil etmək;
8.17. Qoruq ərazisinə aid mədəni-tarix layihələrini hazırlayıb həyata keçirmək;
8.18. Biblioqrafik tədqiqatların və tarixi araşdırmaların aparılmasını təşkil etmək, ərazidə yerləşən abidələrin öyrənilməsi üçün mütəxəssisləri cəlb etmək, qədim Bakının tarixinin araşdırılmasına aid müvafiq tədbirlər görmək və aşkar olunmuş yeni məlumatları əhaliyə çatdırmaq;
8.19. Abidələrin elmi, mədəni və tarixi əhəmiyyətinin təbliğini, bu məqsədlə sərgilərin, fotostendlərin, ekskursiyaların, mühazirələrin, sənədli və qısametrajlı filmlərin hazırlanmasını, elmi kütləvi ədəbiyyatın nəşrini təşkil etmək, beynəlxalq və milli simpozium və seminarların keçirilməsini təşkil etmək;
8.20. Qoruq ərazisində qanunvericiliyə uyğun olaraq arxeoloji işlərin aparılmasına müvafiq qaydada icazə vermək, abidələrin öyrənilməsinə, arxeoloji qazıntıların aparılmasına və bu növ digər işlərə nəzarət etmək;
8.21. Aşkar edilmiş tarix və mədəniyyət abidələrinin dövlət qeydiyyatına alınması, pasportlaşdırılması, abidələrin qorunması üçün tədbirlər görmək, onların əhəmiyyəti ilə bağlı və qorunma rejiminə aid təkliflər vermək;
8.22. Qoruq ərazisində hüquqi maarifləndirməni, maddi və qeyri-maddi mədəni irsin qorunmasına aid məsləhətxana sisteminin yaradılmasını təşkil etmək, dövlət mülkiyyətinə aid hüquqlar pozulduğu hallarda iddialar qaldırmaq, Qoruğun maraqlarını məhkəmədə təmsil etmək, Qoruğun ərazisindəki abidələrlə bağlı qanunvericiliyi pozmuş şəxslər barədə müvafiq dövlət orqanlarına məlumat vermək;
8.23. Qoruq ərazisini idarə etmək üçün rəqəmli informasiya-kommunikasiya sistemi yaratmaq, beynəlxalq təcrübə nəzərə alınmaqla bu sahədə elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək;
8.24. Qoruğa ayrılan büdcə vəsaitləri, kreditlər, qrantlar və digər maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;
8.25. Öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını təmin etmək;
8.26. İdarənin strukturunun və fəaliyyətinin, Qoruğun fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində tədbirlər görmək;
8.27. Qoruğun və İdarənin fəaliyyəti ilə bağlı daxil olan ərizə və şikayətlərə baxmaq və qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək;
8.28. Fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
IV. İdarənin hüquqları
9. İdarə öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:
9.1. Qoruq sahəsinə aid olan normativ hüquqi aktların layihələrini hazırlamaq və ya onların hazırlanmasında iştirak etmək;
9.2. Qoruqla bağlı Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə tərəfdar çıxması barədə təşəbbüslə çıxış etmək;
9.3. Zəruri məlumatlar (sənədlər) almaq məqsədi ilə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə sorğu vermək;
9.4. Qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;
9.5. Bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, müvafiq sahə üzrə tədqiqatlar aparmaq, təkliflər vermək;
9.6. Qoruğun ərazisində İdarənin razılığı olmayan hər hansı abadlıq, bərpa, rekonstruksiya, regenerasiya və inşaat-təmir işlərinin aparılmasına qadağa qoymaq, icrası məcburi olan göstərişlər vermək;
9.7. Qoruq ərazisində İdarənin razılığı olmadan dövlət (bələdiyyə) mülkiyyətində olan abidələrin istifadəyə, o cümlədən icarəyə verilməsinə aid işləri dayandırmaq;
9.8. İdarənin icazəsi olmadığı halda, Qoruğun ərazisində arxeoloji və digər qazıntı işlərinin aparılmasını saxlamaq;
9.9. Qoruğun ərazisində qazıntı işlərinin aparılmasını təşkil edən hüquqi və fiziki şəxslərdən aparılmış tədqiqat işləri barədə hesabat tələb etmək;
9.10. Qoruğun ərazisində mühafizə və abidələrdən istifadə sahəsində pozuntu hallarının aradan qaldırılması barədə icrası məcburi olan göstərişlər vermək və müvafiq tədbirlər görmək;
9.11. Tarix və mədəniyyət abidələrində aparılan inşaat-möhkəmləndirmə, abadlıq, təmir, bərpa, rekonstruksiya, regenerasiya işlərinin səmərə və səviyyəsinin artırılması və onların istifadəyə uyğunlaşdırılması üzrə təkliflər hazırlamaq;
9.12. Qoruğun sərhədləri daxilindən kənar olan bufer zonasında abidələr üçün hər hansı təhlükə yaratmayan inşaat-təmir işlərinin görülə bilməsi üçün razılıq vermək;
9.13. Qoruğun ərazisində yerləşən abidələrin tədqiqinin və təbliğinin (reklamın yerləşdirilməsinin, audiovizual çəkilişlərin aparılmasının və s.) həyata keçirilməsi üçün icazə vermək;
9.14. Qoruğa aid sahə üzrə mütəxəssislərin hazırlanması və ixtisaslarının artırılması üçün tədbirlər görmək;
9.15. Müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;
9.16. Qanunvericiliklə müəyyən edilmiş qaydada xüsusi bülletenlər və digər nəşrlər buraxmaq, internet saytı yaratmaq və ondan istifadə etmək;
9.17. Qoruq ərazisində mədəni-kütləvi tədbirlər keçirməklə, müvəqqəti və daimi xidmətlər göstərən strukturlar (obyektlər) yaratmaqla, özəl və dövlət qurumları ilə müqavilə əsasında birgə fəaliyyətdə iştirak etməklə, müxtəlif növ xidmətlər göstərməklə qanunvericiliyə zidd olmayan gəlir əldə etmək;
9.18. Ərazidə müvəqqəti və daimi xidmətlər göstərən strukturlar və obyektlər yaratmaqla onların fəaliyyəti nəticəsində qanunvericiliyə zidd olmayan gəlir əldə etmək;
9.19. Fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
V. İdarənin fəaliyyətinin təşkili
10. İdarənin aparatı və onun strukturuna daxil olan digər qurumları İdarənin vahid sistemini təşkil edir. İdarə öz fəaliyyətini bilavasitə və həmin qurumlar vasitəsilə həyata keçirir.
11. İdarənin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.
12. İdarənin fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən İdarənin rəisi rəhbərlik edir. İdarənin rəisi İdarəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün cavabdehdir.
13. İdarənin rəisinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən iki müavini vardır. İdarənin rəis müavinləri İdarənin rəisi tərəfindən onlara həvalə edilmiş vəzifələri yerinə yetirirlər və bunun üçün şəxsən cavabdehdirlər.
14. İdarənin rəisi:
14.1. İdarənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
14.2. İdarənin aparatının struktur bölmələrinin və strukturuna daxil olan qurumların əsasnamələrini təsdiq edir;
14.3. Müəyyən edilmiş struktur, əmək haqqı fondu və işçilərin say həddi daxilində İdarənin aparatının və qurumlarının strukturunu, ştat cədvəli və ayrılmış büdcə təxsisatı daxilində onların xərclər smetasını təsdiq edir;
14.4. İdarənin aparatının işçilərini və qurumlarının rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbeh tədbirləri görür;
14.5. Qanunvericiliyə uyğun olaraq icrası məcbur olan əmr və sərəncamlar verir, səlahiyyətləri daxilində normativ hüquqi aktların icrasını təşkil edir və nəzarəti həyata keçirir;
14.6. İdarənin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;
14.7. İdarəni təmsil edir;
14.8. İdarənin əmlakı və vəsaiti barədə qüvvədə olan qanunvericiliyə müvafiq qaydada sərəncam verir;
14.9. İdarənin illik və perspektiv iş planlarının tərtib olunmasını təmin edir, elmi tədqiqat işlərinin yerinə yetirilməsinə və Qoruğun rejiminə əməl edilməsi üçün tədbirlər görülməsinə nəzarət edir;
14.10. Qoruğun fəaliyyətinin yaxşılaşdırılmasına yönəldilmiş təklifləri, İdarənin fəaliyyətinə dair illik hesabatı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edir.
15. İdarədə İdarənin rəisindən (kollegiyanın sədri), onun müavinlərindən, İdarənin rəhbər işçilərindən ibarət tərkibdə kollegiya yaradılır. İdarənin kollegiyasının tərkibinə həmçinin mütəxəssislər və alimlər də daxil edilə bilər.
16. İdarənin kollegiyasının üzvlərinin sayı və tərkibi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.
17. İdarənin kollegiyası öz iclaslarında İdarənin fəaliyyəti ilə bağlı məsələləri müzakirə edir və müvafiq qərarlar qəbul edir.
18. İdarənin kollegiyasının iclasları onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. İdarənin kollegiyasının qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. İdarənin kollegiyasının qərarı qəbul edilərkən səslər bərabər olarsa, kollegiya sədrinin səsi həlledici hesab edilir.
19. İdarənin kollegiyasının qərarları protokolla rəsmiləşdirilir və İdarənin rəisi tərəfindən təsdiq edilir.
20. İdarənin kollegiyasının üzvləri arasında fikir ayrılığı yarandığı hallarda İdarənin rəisi bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verərək öz qərarını həyata keçirir. İdarənin kollegiyasının üzvləri şəxsi fikirlərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə çatdıra bilərlər.
21. İdarənin kollegiyasının iclaslarına, zəruri hallarda digər icra hakimiyyəti orqanlarının, təşkilatların rəhbərləri, habelə qeyri-hökumət təşkilatlarının nümayəndələri dəvət edilə bilər.
22. İdarənin rəhbərinin, rəhbər müavinlərinin və aparatının işçilərinin əməyinin ödənilməsi normaları və digər təminatları müvafiq olaraq Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin, rəhbər müavinlərinin və aparatının işçilərinin əməyinin ödənilməsi normalarına və təminatlarına bərabər tutulur.
23. Qoruq sahəsində elmi-texniki nailiyyətlərin və qabaqcıl təcrübənin öyrənilməsi və həyata keçirilməsi üçün İdarədə ictimai əsaslarla fəaliyyət göstərən Elmi-texniki şura yaradıla bilər. Elmi-texniki şura haqqında əsasnamə İdarənin rəisi tərəfindən təsdiq edilir.
24. Qoruq sakinlərinin ictimai rəyini nəzərə almaq və mövcud məsələlərin həllində şəffaflığı təmin etmək məqsədi ilə Qoruğun sakinlərindən ibarət tərkibdə Ağsaqqallar şurası yaradıla bilər. Ağsaqqallar şurasının say tərkibi və əsasnaməsi İdarənin rəisi tərəfindən təsdiq edilir.
Azərbaycan Respublikası Prezidentinin
2007-ci il 16 may tarixli
Fərmanı ilə təsdiq edilmişdir
Sayt üzrə axtarış









