Mənzil-kommunal və təmir xidməti İdarəsi Qoruq ərazisində yaşayış və qeyri-yaşayış fonduna aid olunan tikililərin, yol örtüklərinin, mühəndis kommunikasiya sisteminin təmir tikinti işlərini təmin edir, sanitariya-təmizlik və yaşıllaşdırma işlərini, mənzil-istismar və kommunal xidmətlərini həyata keçirir.

Elmi-istehsalat bərpa emalatxanası Qoruq ərazisində yerləşən tarix-memarlıq və mədəniyyət abidələrinin bərpası, təmiri və regenerasiyası işlərinin layihələrinin hazırlanmasının təşkil edilməsi, memarlıq abidələrinin deformasiya və dağılma səbəblərinin diaqnostikasının, tarixinin və memarlıq üslubunun elmi araşdırmalarının, abidələrin bərpası ilə bağlı təcrübələrin öyrənilməsini həyata keçirir.

Elmi-mədəni mərkəz İçərişəhərin memarlığının, Qoruq ərazisindəki tarix-mədəniyyət abidələrinin elmi, tarixi və mədəni cəhətdən öyrənilməsini, milli mədəniyyətin inkişafına və təbliğinə kömək məqsədilə mədəni-kütləvi tədbirlərin keçirilməsini təşkil edir. Qoruq ərazisinin beynəlxalq əhəmiyyətli turizm mərkəzinə çevrilməsi, turist marşrutların açılması və geniş turist şəbəkəsinin cəlb edilməsi məqsədilə araşdırmalar aparır. Bununla əlaqədar təkliflər və proqram layihələrini hazırlayır və həyata keçirilməsi üçün müvafiq işlər görür.

“İçərişəhər” tarixi muzeyi YUNESKO-nun “Dünya İrs Siyasını”na daxil edilmiş “İçərişəhər”in gədim dövrlərdən bu günədək çoxəsrlik tarixini əks etdirən milli maddi-mədəniyyət abidələrinin toplanıb mühafizə edilməsi, gədim şəhər haqqında biliklərin əhalinin geniş təbəqələri arasında yayılması və təbliğini aparır.

“Şirvanşahlar Sarayı Kompleksi” Dövlət Tarix-Memarlıq qoruq-muzeyi - Şimali Azərbaycanda mövcud olmuş orta əsr feodal dövləti olan Şirvanşahlar dövlətinin tarixini, memarlığını, mədəniyyətini, ticarət və mədəni əlaqələrini əks etdirən maddi-mədəniyyət abidələrinin komplektləşdirilməsini, mühafizəsini, öyrənilməsini, kütləvi nümayişini və təbliğini həyata keçirir.

"Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğu - Azərbaycan SSR Nazirlər Sovetinin 1988-ci il 18 aprel tarixli 135 nömrəli qərarına əsasən yaradılmışdır.