İçərişəhər dünən və bu gün

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan xalqının maddi mədəniyyətinin əvəzsiz abidəsi olan İçərişəhəri qoruyub saxlamaq məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin «Bakı şəhərində İçərişəhər tarix-memarlıq qoruğunun mühafizəsi və bərpası ilə bağlı bəzi tədbirlər haqqında» 2003-cü il 17 fevral tarixli Sərəncamı imzalandıqdan sonra orada tikinti işləri dayandırılmış və şəhərin tarixi simasının qorunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilməyə başlanmışdır.

İçərişəhərin uzunmüddətli qorunması, konservasiyası və bərpasının davam etdirilməsi, daha da intensivləşdirilməsi, sistemli xarakter alması onun idarə olunmasının təkmilləşdirilməsini və mərkəzləşdirilməsini tələb edir.

İçərişəhərin Azərbaycan tarixi və mədəniyyəti üçün əhəmiyyətini, qorunub saxlanılması və gələcək nəsillərə çatdırılmasının vacibliyini nəzərə alaraq, onun idarə edilməsini təkmilləşdirmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi yaradılsın.

2. «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu Bakı Şəhəri İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyindən çıxarılsın.

3. Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına tapşırılsın ki, «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu və onun idarə edilməsi haqqında Əsasnamənin layihəsini 10 gün müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təsdiq edilmək üçün təqdim etsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:
               4.1. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında
               «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu idarəsinin strukturunu
               və işçilərin say həddini müəyyən etsin;
               4.2. Bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

Azərbaycan Respublikasının Prezidenti

İlham ƏLİYEV.

Bakı şəhəri, 10 fevral 2005-ci il.

№ 629.

«Azərbaycan» qəzetində dərc edilmişdir (11 fevral 2005-ci il, № 32) («VES Consultancy» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (28 fevral 2005-ci il, № 2, maddə 98).