Azərbaycan Respublikasının Dövlət Gerbi

Azərbaycan Respublikasının mədəniyyət sərvətlərinin milli mədəniyyət əmlakının Dövlət Siyahısında və mədəniyyət sərvətlərinin mühafizə siyahısında qeydə alınması Qaydasının təsdiq edilməsi haqqında

Bakı şəhəri, 12 avqust 1999-cu il

«Mədəniyyət haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 16 aprel tarixli 698 nömrəli Fərmanının 3-cü bəndinin 3-cü abzasının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikasının mədəniyyət sərvətlərinin milli mədəniyyət əmlakının Dövlət Siyahısında və mədəniyyət sərvətlərinin mühafizə siyahısında qeydə alınması Qaydası təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. RASİ-ZADƏ.

«Azərbaycan Respublikası Qanunvericilik Toplusunda» dərc edilmişdir (31 avqust 1999-cu il, № 8, maddə 526) («VneshExpertService»).
21 dekabr 2005-ci il tarixli, 236 nömrəli; 2 may 2006-cı il tarixli, 119 nömrəli; 1 oktyabr 2007-ci il tarixli, 152 nömrəli qərarlara əsasən əlavə və dəyişikliklərlə («VneshExpertService»).

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 12 avqust tarixli 130 nömrəli qərarı ilə təsdiq edilmişdir.

Azərbaycan Respublikasının mədəniyyət sərvətlərinin milli mədəniyyət əmlakının Dövlət Siyahısında və mədəniyyət sərvətlərinin mühafizə siyahısında qeydə alınması Qaydası

1. Bu Qayda «Mədəniyyət haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Azərbaycan Respublikasının mədəniyyət sərvətlərinin milli mədəniyyət əmlakının Dövlət Siyahısında və mədəniyyət sərvətlərinin mühafizə siyahısında qeydə alınmasının qaydasını müəyyən edir.
2. Bu Qayda mülkiyyət formasından asılı olmayaraq, «Mədəniyyət haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş mədəniyyət sərvəti hesab olunan bütün əşyalara şamil edilir.
3. Mədəniyyət sərvətlərinin ilkin qeydiyyatı tabeliyində mədəniyyət müəssisəsi olan təşkilatlar tərəfindən Mədəniyyət və Turizm Nazirliyinin Nazirlər Kabineti yanında Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Komitəsinin təsdiq etdiyi müvafiq təlimatlara uyğun olaraq həyata keçirilir.
4. Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına və mədəniyyət sərvətlərinin mühafizə siyahısına mədəniyyət sərvəti əşyasının, obyektinin mənşəyi, onun mülkiyyətçisi, təsviri, dəyəri və mühafizə dərəcəsi haqqında məlumatlar yazılır və bunların əsasında mədəniyyət sərvətinin mülkiyyətçisinə şəhadətnamə verilir.
5. Mədəniyyət və Turizm sərvətinin qiyməti və mühafizə dərəcəsi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, yaxud Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən ekspertiza yolu ilə müəyyən edilir.
6. Dövlət kitabxanalarının, idarə tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, muzeylərin və arxivlərin fondlarında olan mədəniyyət sərvətlərinin aşkara çıxarılması, qeydiyyatı və mühafizəsi ilə həmin təsisatlar məşğul olurlar. Bu təsisatlar mədəniyyət sərvətinin Azərbaycan Respublikasının mədəniyyət sərvətlərinin milli mədəniyyət əmlakının Dövlət Siyahısına və mədəniyyət sərvətlərinin mühafizə siyahısına daxil edilməsi üçün Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə, yaxud Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə yaxud Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Komitəsinə məlumat verməlidirlər.
7. Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına «Mədəniyyət haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan milli və bəşəri əhəmiyyəti olan nadir mədəniyyət sərvətləri daxil edilir.
8. Mədəniyyət sərvətlərinin mühafizə siyahısına «Mədəniyyət haqqında» Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan xalq tətbiqi sənəti nümunələri, mədəniyyət və incəsənət əsərləri, muzey, kitabxana və arxivlərdə saxlanılan əşyalar daxil edilir.
9. Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına daxil edilmiş obyektlər mülki dövriyyədən çıxarılır və Azərbaycan Respublikası Nazirlər Kabinetinin icazəsi olmadan onları ləğv etmək, başqa yerə köçürmək, surətini çıxarmaq və bərpa etmək qadağandır.
10. Ən əhəmiyyətli mədəniyyət sərvətlərini qorumaq məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Komitəsi müəyyən ərazinin (şəhərin, rayonun), «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi mədəniyyət sərvətlərinin mühafizə siyahısını aparırlar.
11. Mülkiyyətçiyə və ya istifadəçiyə bir ay ərzində mədəniyyət sərvətinin mühafizə siyahısına daxil edildiyi barədə şəhadətnamə və ya onun sərbəst istifadəsinə icazə verilir. Belə şəhadətnamə və ya müvafiq icazə olmadan mədəniyyət sərvətləri ilə əlaqədar əqdlər bağlanmasına yol verilmir.
12. Obyektin milli mədəniyyət əmlakına aid edilməsi məsələsini Azərbaycan Respublikasının Nazirlər Kabineti Mədəniyyət və Turizm Nazirliyinin, «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və Nazirlər Kabineti yanında Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Komitəsinin təqdimatlarına əsasən müvafiq qərar qəbul etməklə həll edir.
13. Milli mədəniyyət əmlakı sayılan mədəniyyət sərvətinə aid sənədlər baxılmaq üçün Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə və ya Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Komitəsinə verildikdə, onların «Mədəniyyət haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına daxil edilməsi məsələsinə 2 ay ərzində baxılmalıdır.
14. Xilas edilməsi üçün təcili tədbirlərə ehtiyacı olan milli mədəniyyət əmlakı obyektlərinin qeydiyyatı ayrıca aparılır.
15. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Komitəsi milli mədəniyyət əmlakı obyektlərinin qorunmasına nəzarət edirlər.
16. Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına daxil olan milli mədəniyyət obyektlərinə xüsusi mühafizə dərəcəsi şamil edilir.