“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi cənab Əsgər Ələkbərovun rəhbərlik etdiyi nümayəndə heyəti 12-15 iyul 2016-cı il tarixlərində İstanbul şəhərində keçirilən YUNESKO Dünya İrs Komitəsinin 40-cı sessiyasında iştirak etmişdir.

Sessiyanın keçirilməsində əsas məqsəd Dünya İrs Siyahısına daxil edilmiş abidələrin konservasiya vəziyyətini müzakirə etmək, eləcə də siyahıya daxil edilmək üçün edilmiş müraciətlərə baxmaq və müvafiq qərarlar qəbul etməkdir.

Sessiyada İçərişəhərin konservasiyası vəziyyətinə dair “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən YUNESKO-nun Dünya İrs Mərkəzinə təqdim etdiyi hesabatla bağlı qərar qəbul edilmişdir. Qeyd edək ki, İçərişəhərdə yerləşən abidələrin qorunub saxlanması və konservasiyası istiqamətində İdarə tərəfindən görülən tədbirlər yüksək qiymətləndirilmiş və ilk dəfə olaraq, İdarənin ərazidəki abidələrin konservasiya vəziyyətinə dair Dünya İrs Mərkəzinə təqdim etdiyi hesabatla bağlı müzakirə açılmadan qərar qəbul edilmişdir. Qərarda İçərişəhərin Dünya İrs Siyahısına daxil edildiyi tarixdən indiyə kimi gördüyü işlərin abidələrin mühafizəsi və konservasiyasına çox yüksək töfhə verdiyini nəzərə alaraq, gələcəkdə konservasiya vəziyyətinə dair İdarə tərəfindən hesabatın təqdim edilməsinə ehtiyacın olmadığı qeyd olunmuşdur.