“Şəhər Merlərinin Razılaşması” adlanan layihə Avropa İttifaqı tərəfindən irəli sürülən və iqtisadiyyatın ətraf mühitə zərər vermədən inkişaf etdirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması məqsədilə yerli və regional hakimiyyət orqanlarını ətrafında birləşdirən könüllü təşəbbüsdür.

Bu təşəbbüsün əsas hədəflərindən biri də “yaşıl iqtisadiyyat”ın inkişafını təmin etmək məqsədilə CO2 tullantılarını 2020-ci ilə qədər 20% azaltmaqdan ibarətdir.

Əsası 2008-ci ildən qoyulumuş təşəbbüs yarandığı vaxtdan etibarən yerli hakimiyyət orqanlarını davamlı enerji prinsiplərini müəyyən və icra etməyə təşviq edib, onları bu sahədə məqsədyönlü şəkildə istiqamətləndirir. Məlumdur ki, yerli hökumətlər iqlim dəyişiklikləri nəticələrinin yumşaldılması prosesində böyük rol oynayırlar. Müasir dövrdə enerji sərfiyyatı və CO2 tullantılarının həcmində nəzərəçarpacaq artım müşahidə olunmaqdadır. Bunun 80%-i iri şəhərlərdə baş verir.

Hazırda “Şəhər Merlərinin Razılaşması” təşəbbüsünə 46 ölkədən 3900 şəhər qoşulmuşdur, onlardan 44-ü Şərqi Avropa, Cənubi Qafqaz və Orta Asiya şəhərləridir.

Sazişə qoşulan tərəflər enerjiyə qənaətlə yanaşır, təmiz və əlçatan enerji xidmətləri, ixtisaslı kadr və daimi iş yerləri, maliyyə və sosial sabitliyin artırılması, daha sağlam ətraf mühitin yaradılması və həyat səviyyəsinin yaxşılaşdırılması, biznesin, infrastrukturun inkişafı, novatorluq, ictimai xidmətlərin təkmilləşdirilməsi yolu ilə iqtisadi rəqabətədavamlılığın möhkəmlənməsini qarşılarına məqsəd qoymuşlar.

Bakı şəhərinin tarixi mərkəzi olan İçəri Şəhər qədim yaşayış məkanıdır. Ətraf mühitin mühafizəsi və bununla bağlı təbliğat dünya əhəmiyyətli dəyərlərdən biri kimi İdarənin fəaliyyətində xüsusi yer tutur. Son illər ərzində İçəri Şəhərdə və Qalada müxtəlif ekoloji layihələr, o cümlədən IDEA (Ətraf Mühitin Mühafizəsi Fəaliyyəti üzrə Beynəlxalq Dialoq) təşəbbüsünün dəstəklənməsi istiqamətində bir sıra addımlar atılmışdır.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi 2011-ci ildə “Şəhər Merlərinin Razılaşması” təşəbbüsünə də qoşulmuşdur.

Bu təşəbbüs çərçivəsində BMT-nin Ətraf Mühit üzrə Proqramı (UNEP) ilə birlikdə, yerli və Avropalı ekspertlərin iştirakı ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun “Enerjiyə Qənaət üzrə Fəaliyyət Planı” hazırlanacaqdır. “Enerjiyə Qənaət üzrə Fəaliyyət Plan”nın tətbiqinin ətraf mühitin qorunmasına töhfə verməsi, İçəri Şəhərdə enerjidən qənaətlə istifadəyə və enerji istehlak xərclərinin azalmasına imkan yaratması gözlənilir.

Təşəbbüs barədə daha ətraflı məlumat üçün: www.eumayors.eu