19.10.2012 Artıq məlumat verildiyi kimi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Böyük Britaniyanın Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbi (Prince’s School of Traditional Arts) “İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi” layihəsinin icrasına başlamışdır. Layihənin məqsədi istedadlı yaradıcı gəncləri təlim etməklə sənətkarlıq məhsullarına davamlı tələbatın artırılması yolu ilə milli ənənəvi incəsənətin dirçəldilməsinə töhfə verməkdir.

İlkin razılaşmaya əsasən növbəti üç ili əhatə edəcək layihənin hazırlıq mərhələsi bitmiş və İçərişəhər Ənənəvi İncəsənət Mərkəzində təhsil alacaq tələbələrin seçimi baş tutmuşdur.

19.10.2012 Ötən həftə hazırlıq mərhələsi çərçivəsində Şahzadə Məktəbinin müəllimləri Mərkəzdə təhsil almaq arzusunda olan namizədlər üçün dörd günlük seminar keçirmişlər. Seminarın proqramı namizədləri Şahzadə Məktəbi və onun fəaliyyəti barədə məlumatlandırmaqla yanaşı, eyni zamanda həndəsə, naxışçəkmə və dizaynın əsaslarının təqdimatını, habelə praktiki məşğələləri əhatə edirdi. Bununla yanaşı 4 gün ərzində müəllimlər namizədlərin bacarıqları ilə də yaxından tanış olmaq imkanını əldə etdilər.

Daha sonra keçirilən seçim turunda Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbinin direktoru doktor Xalid Azzamın başçılıq etdiyi müəllimlər heyəti və “İçərişəhər” DTMQ İdarəsinin nümayəndələri tərəfindən namizədlər ilə fərdi müsahibələr keçirilmişdir. Müsahibələrin nəticəsi olaraq “İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi” layihəsində iştirak etmək imkanını qazanmış 22 tələbə seçilmişdir.

19.10.2012 Ənənəvi İncəsənət Mərkəzi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində bu məqsədlə ayrılmış xüsusi binada fəaliyyət göstərəcək. Cari ilin 22 oktyabr tarixindən etibarən başlayacaq tədris prosesində daim Bakıda çalışacaq, habelə mövzulardan asılı olaraq müvəqqəti səfərlərlə Bakıya gələcək Şahzadə Məktəbinin müəllimləri iştirak edəcəklər. Bununla yanaşı vaxtaşırı olaraq tədris prosesinə yerli ekspert və müəllimlərin də cəlb olunması planlaşdırılır. 3-illik proqramı uğurla başa vuracaq tələbələrə Böyük Britaniyanın Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbi tərəfindən müvafiq diplomlar təqdim olunacaq.