Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi
Sayt üzrə naviqasiya
İçindəki
Xəbərlər
Albaniya parlamenti sədrinin İçəri Şəhərdə gəzintisi keçirilmişdir
Albaniya parlamentinin sədri xanım Jozefina Topalli bu gün Azərbaycana rəsmi səfəri çərçivəsində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda olmuşdur. Gəzinti zamanı qonağa dünya şəhərsalma sənətinin nadir nümunəsi, YUNESKO-nun “Dünya İrsi Siyahısı”na daxil edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu barədə ətraflı informasiya təqdim edilib.
Albaniyalı qonağın İçəri Şəhərlə tanışlığı çoxəsrlik tarixi olan Şirvan dövləti hökmdarlarının son iqamətgahı “Şirvanşahlar Saray Kompleksi” ilə başlandı. Xanım Topalliyə Kompleksin tərkibinə daxil olan abidələr haqqında müfəssəl məlumat verilmişdir.
Daha sonra xanım Topalli ölkəmizin Mərkəzi Asiya və Hindistanla qədim iqtisadi əlaqələrinin mövcud olmasının göstəricisi olan Buxara və Multanı karvansaraları ilə tanış edilib.
Sözügedən abidələrin yaxınlığında yerləşən Sıratağlı dini-memarlıq kompleksinin (“Bazar Meydanı”) ərazisindəki daş eksponatların ekspozisiyasının yenidən təşkili işləri, bu işlərin qabaqcıl beynəlxalq tələblərə uyğun həyata keçirilməsi qeyd olunmuşdur.
Qonağın İçəri Şəhərlə tanışlığı Bakı şəhərinin simvoluna çevrilmiş, dünya əhəmiyyətli abidə Qız Qalası ilə davam etdirildi.
Albaniyalı qonaq İçəri Şəhər ərazisindəki “Kiçik Karvansara” abidəsində yerləşən təsviri və dekorativ-tətbiqi incəsənət mərkəzi – “İncəsənət Bağı”nda olmuşdur. Mərkəz barədə informasiyanın təqdimatından sonra qonaq burada sərgilənən rəsm əsərlərinə tamaşa etdi.
Sonda Albaniya parlamentinin sədri xanım Jozefina Topalli İçəri Şəhərin Fəxri Qonaqlar Kitabında öz ürək sözlərini yazmışdır.
Sayt üzrə axtarış










