Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Almaniyanın “Remmers” və Avstriyanın “Atelier Erich Pummer GmbH” şirkətləri ilə əməkdaşlığının nəticəsi olaraq yerli mütəxəssislərin bərpa və konservasiya işləri sahəsində bilik və bacarıqlarının artırılması məqsədilə “Restavrasiyanın nəzəri və təcrübi əsasları” mövzusunda silsilə seminarlar keçirilir.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə keçirilən və dörd hissədən ibarət seminarların birincisi 13-15 aprel tarixlərində baş tutmuş, tədbirdə yerli mütəxəssislər, o cümlədən Memarlıq və İnşaat Universitetinin bir qrup tələbəsi iştirak etmişdir.

“Restavrasiyanın nəzəri və təcrübi əsasları” proqramı çərçivəsində ikinci seminar 30 iyun - 2 iyul tarixlərində yenə də İçəri Şəhərdə yerləşən “Atropat” otelində keçiriləcəkdir. Mövzusu "İnşaat qurğularının təhlili" olan bu seminarda dünya əhəmiyyətli abidə olan Məhəmməd məscidinin restavrasiyası ilə məşğul olan Avstriyalı mütəxəssis E.Pummer, Almaniyadan dəvət edilmiş mütəxəssislər G.Hilbert və D.Şiller tərəfindən əsas diqqət əhəng daşının timsalında təbii daşın konservasiya və restavrasiyasının nəzəri və təcrübi məsələlərinə yonəldiləcəkdir.