Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi
Sayt üzrə naviqasiya
İçindəki
Xəbərlər
BMT-nin Sənaye İnkişafı Təşkilatının Baş direktoru İçəri Şəhərlə tanış olmuşdur
Azərbaycanda rəsmi səfərdə olan BMT-nin Sənaye İnkişafı Təşkilatının Baş direktoru Kandeh Yumkellanın İçəri Şəhər ərazisində gəzintisi keçirilmişdir. Qoruq ərazisində keçirilən gəzinti zamanı qonağa YUNESKO-nun “Dünya İrsi Siyahısı”na daxil edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, habelə burada aparılan son təmir, abadlaşdırma və restavrasiya işləri barədə ətraflı informasiya verilib.
BMT rəsmisi İçəri Şəhərlə tanışlığına dünya əhəmiyyətli tarixi abidə olan “Şirvanşahlar Sarayı Kompleksi” ilə başlamışdır. Kompleksin memarlıq-inşaat xüsusiyyətləri qonağın diqətinə çatdırılmışdır. Daha sonra Kandeh Yumkellanın İçəri Şəhər ərazisində gəzintisi Qoşa Qala meydanı ilə tanışlıqla davam etdirmişdir.
Baş direktora meydan və burada yerləşən qədim binaların inşa tarixi barədə məlumat verilmişdir. Multanı və Buxara Karvansaraları ilə tanış olan diplomata bu abidələrin Azərbaycanın şərq ölkələrilə zəngin tarixi iqtisadi-mədəni əlaqələrə malik olmasının göstəricisi olduğu bildirildi. Sıratağlı dini-memarlıq kompleksinin (“Bazar Meydanı”) ərazisindəki daş eksponatların ekspozisiyasının yenidən təşkili işləri BMT-li rəsminin marağına səbəb olmuşdur.
Gəzintinin sonunda ölkəmizin ən möhtəşəm abidələrindən olan, bir neçə min illik tarixə malik Qız Qalası, həmçinin digər dünya əhəmiyyətli abidə Məhəmməd məscidi ilə tanışlıq baş tutdu. Qonağa Məhəmməd məscidində aparılan restavrasiya işləri barədə də məlumat verildi.
Yekunda cənab Yumkella İçəri Şəhərin Fəxri Qonaqlar Kitabında öz ürək sözlərini qeyd etmişdir.
Sayt üzrə axtarış









