23.06.2010 Avstriyanın Avropa və beynəlxalq işlər üzrə federal naziri Mixael Şpindeleqqer Azərbaycana rəsmi səfərə gəlmişdir. Səfər çərçivəsində nazir İçəri Şəhərlə, Konservasiya üzrə Master Plan əsasında burada aparılan təmir, abadlaşdırma və restavrasiya işlərilə tanış edilmişdir. Əcnəbi diplomatın qoruq ərazisində gəzintisi zamanı İçəri Şəhərin mədəni və tarixi əhəmiyyəti bir daha qeyd olunmuşdur.

Avstriyalı diplomatın gəzintisi dünya əhəmiyyətli abidə olan Şirvanşahlar Saray Kompleksindən başlamışdır. Qonağa Kompleksə daxil olan abidələrin hər birinin tarixi haqqında qısa məlumat çatdırılmışdır.

Qonaq nazir İçəri Şəhərin əsas giriş qapısı olan Qoşa Qala Qapıları barədə məlumatla tanış olmuş, gəzinti Qoşa Qala Qapıları meydanı ilə davam etdirilmişdir.

Bakı şəhərinin simvolu olan nadir memarlıq incisi Qız Qalası abidəsinin tarixi və memarlıq xüsusiyyətləri barədə dolğun məlumat verildi.

Məhəmməd məscidi ilə tanışlıq zamanı qonaq diplomata abidədə aparılan restavrasiya işləri barədə məlumat verilmişdir. Nazirin diqqətinə çatdırılmışdır ki, restavrasiya işləri Avstriyanın məşhur bərpaçı mütəxəssisi, dünyanın müxtəlif yerlərində bir çox tarixi abidəni bərpa etmiş Erik Pummerin rəhbərliyi ilə həyata keçirilir.

Sonda Mixail Şpindeleqqer İçəri Şəhərin Fəxri Qonaqlar Kitabında öz ürək sözlərini yazmışdır.