Azərbaycan Respublikasının Nazirlər
Kabineti yanında “İçərişəhər” DTMQ
İdarəsinin 24 sentyabr 2009-cu il tarixli
10 nömrəli sərəncamı ilə təsdiq edilmişdir.

MEMARLIQ LAYİHƏLƏRİ ÜZRƏ EKSPERT QRUPU HAQQINDA

Ə S A S N A M Ə

1. Ümumi müddəalar

1.1. Hazırkı Əsasnamə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” DTMQ İdarəsinin (bundan sonra İdarə) Elmi-texniki şurasının nəzdindəki memarlıq layihələri üzrə Ekspert qrupunun (bundan sonra Ekspert qrupu) məqsədlərini, vəzifələrini və iş qaydasını tənzimləyir.

1.2. Ekspert qrupu Qoruğun ərazisində aparılan bədii tərtibat, abadlıq, bərpa, inşaat, təmir, rekonstruksiya, regenerasiya və konservasiya layihələrinin elmi cəhətdən düzgün hazırlanmasının ekspertizasını həyata keçirən kollegial və məşvərətçi orqandır.

1.3. Ekspert qrupunun tərkibi İdarə rəisi tərəfindən təsdiq edilir və yarısından çoxu və sədri mütləq memar olmalıdır. Ekspert qrupunun üzvlərinin sayı 7 nəfərdən ibarətdir.

1.4. Ekspert qrupunun üzvünün səlahiyyət müddəti 2 il təşkil edir. Üzvün səlahiyyət müddətinə İdarənin rəisi tərəfindən aşağıdakı hallarda vaxtından əvvəl xitam verilir:

• Ekspert qrupunun qərarı əsasında;

• Üzvün öz təşəbbüsü əsasında.

1.5. Ekspert qrupu öz fəaliyyətində Azərbaycan Respublikasının qanunvericiliyini, Elmi-texniki şurasının əsasnaməsini və bu Əsasnaməni rəhbər tutur.

1.6. Ekspert qrupu öz fəaliyyətini ictimai əsaslarla həyata keçirir.

2. Ekspert qrupunun məqsədləri

2.1. Qoruq ərazisində bədii tərtibat, abadlıq, bərpa, inşaat, təmir, rekonstruksiya, regenerasiya və konservasiya layihələrinin ekspertizası;

2.2. Qoruğun ərazisində heykəl, büst, digər memarlıq əsərlərinin qoyulması yerlərinin müəyyənləşdirilməsi, həmin layihələrin peşəkarlığı, keyfiyyəti və məkana uyğunluğu baxımından qiymətləndirilməsi;

2.3. Qoruğun bərpa və memarlıq sahəsində normativ-metodiki sənədlərin hazırlanması.

3. Ekspert qrupunun vəzifələri

3.1. Qoruq ərazisində bədii tərtibat, abadlıq, bərpa, inşaat, təmir, rekonstruksiya, regenerasiya və konservasiya layihələrinin ekspertizasını keçirmək və rəy hazırlamaq;

3.2. Təqdim olunan memarlıq obyektinin layihəsini yüksək bədii-estetik səviyyə, milli memarlıq ənənələrinə bağlılıq, mühit-məkan, interyer və eksteryerin həllinin tarixi dövrə və ətrafdakı binaların memarlıq üslubuna uyğunluğu nöqteyi-nəzərdən qiymətləndirmək;

3.3. Obyektin həcm-məkan quruluşunun və bədii həllinin Qoruğun konservasiyası üzrə master planına uyğunluğunu, abidələrin konfiqurasiyasına, ənənəvi küçə şəbəkələrinə, məhəllələrin quruluşuna təsir etməməsini təmin etmək;

3.4. Ekspertiza zamanı memarlıq obyektinin funksional təyinatını, parametrlərini, obyektin fəaliyyəti nəticəsində Qoruğun mədəni təbəqəsinə, mövcud mühəndis-nəqliyyat kommunikasiyaları şəbəkəsinə və ətraf mühitə, o cümlədən qonşu bina və tikililərə göstəriləcək təsiri dəqiq müəyyənləşdirmək;

3.5. İdarə rəhbərliyinin müraciəti əsasında Qoruğun ərazisində görülən bədii tərtibat, abadlıq, bərpa, inşaat, təmir, rekonstruksiya, regenerasiya və konservasiya işlərinin razılıq verilmiş layihə və tələblərə uyğun aparılmasının monitorinqini keçirmək;

3.6. Qoruğun ərazisində heykəl, büst, digər memarlıq əsərlərinin qoyulması yerlərini müəyyənləşdirmək, həmin layihələri peşəkarlıq, keyfiyyət və məkana uyğunluq baxımından qiymətləndirmək və rəy təqdim etmək;

3.7. Qoruğun bərpa və memarlıq sahəsinə aid normativ-metodiki sənədlərinin hazırlanmasında iştirak etmək.

4. Ekspert qrupunun hüquqları

4.1. Qoruqda bədii tərtibat, abadlıq, bərpa, inşaat, təmir, rekonstruksiya, regenerasiya və konservasiya məsələləri üzrə təkliflər hazırlamaq və İdarənin rəhbərliyinə baxılması üçün təqdim etmək;

4.2. Layihələrin ekspertizası zamanı memarlıq obyektinin sifarişçisindən eskiz layihəsi, cizgi, layihə-smeta və s. sənəd və məlumatları tələb etmək, yerində baxış keçirmək, lazımi materiallarla tanış olmaq;

4.3. Memarlıq obyektinin layihəsinə dair müxtəlif qorunma tələbləri irəli sürmək, memarlıq-planlaşdırma tapşırıqları ilə bağlı təkliflər vermək, metodiki göstərişlər hazırlamaq;

4.4. Vəzifələrini yerinə yetirmək məqsədi ilə müəyyən edilmiş qaydada yüksək ixtisaslı mütəxəssisləri, dövlət, qeyri-hökumət, elmi-tədqiqat və s. təşkilatların nümayəndələrini Ekspert qrupunun işinə cəlb etmək;

4.5. Təkliflərin hazırlanması prosesində iştirakı tələb olunan İdarənin struktur bölmələrinin və Qoruğun ərazisində kommunal xidmətləri (su, kanalizasiya, qaz, elektrik enerji, rabitə və s.) göstərən təşkilatlarının nümayəndələrini iclaslarına dəvət etmək;

4.6. Səlahiyyət dairəsinə daxil olan məsələlərlə bağlı təşəbbüslərlə çıxış etmək.

5. İş qaydası

5.1. Ekspert qrupunun iclasları mütəmadi qaydada rübdə 1 dəfədən az olmayaraq İdarə rəisinin təklifi əsasında Ekspert qrupunun sədri tərəfindən çağırılır. Tələb olunduğu hallarda növbədənkənar iclaslar çağırıla bilər.

5.2. İclasın gündəliyi sədr tərəfindən təsdiq olunur. İclasın vaxtı və gündəliyi barədə Ekspert qrupunun üzvləri iclasın tarixinə 15 gün qalmış məlumatlandırılmalı və onlara gündəliyə daxil olan məsələlərlə bağlı bütün sənəd və materialların surətləri təqdim olunmalıdır.

5.3. Ekspert qrupunun üzvlərinin üçdə ikisi iclasda iştirak etdikdə, onun iclasları səlahiyyətli sayılır. Qərarlar iclasda iştirak edən üzvlərin üçdə ikisinin səs çoxluğu ilə qəbul edilir.

5.4. Ekspert qrupunun qərarları, bir qayda olaraq, rəy və təkliflər şəklində olur.

5.5. Ekspert qrupunun qərarları yazılı qaydada rəsmiləşdirilir və qrupun sədri və məsul katib tərəfindən imzalanır.

5.6. Ekspert qrupunun işinə sədr rəhbərlik edir.

5.7. Ekspert qrupunun sədri:

• Qrupun tərkibi haqqında təkliflər irəli sürür;

• Növbəti və növbədənkənar iclasları çağırır, iclasın gündəliyini təsdiqləyir və iclasları aparır;

• Qrupun üzvlərinin və cəlb edilmiş mütəxəssislərin işini əlaqələndirir.

5.8. Əgər Ekspert qrupunun üzvü hər hansı səbəbə görə iclasda iştirak edə bilmirsə, o, iclasın tarixinə 5 gün qalmış iclasın gündəliyinə daxil olan məsələlərlə bağlı öz rəyini yazılı və ya elektron formada göndərə bilər. Belə olan halda məsələnin müzakirəsi zamanı onun mövqeyi nəzərə alınır.

5.9. Ekspert qrupunun işinin təşkilati və maddi-texniki təminatı İdarənin Aparatı tərəfindən həyata keçirilir.