Azərbaycan   Respublikasının     Nazirlər
Kabineti    yanında “İçərişəhər”   DTMQ
İdarəsinin “21” oktyabr 2009-cu il tarixli
17 nömrəli sərəncamı ilə təsdiq edilmişdir

AĞSAQQALLAR  ŞURASI  HAQQINDA

Ə S A S N A M Ə

I.       Ümumi müddəalar

1.1.   “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğun hazırkı və keçmiş sakinlərindən ibarət olan tərkibdə yaradılmış Ağsaqqallar şurası (bundan sonra Şura) Qoruğun sakinlərinin ictimai rəyini nəzərə almaq və mövcud məsələlərin həllində şəffaflığı təmin etmək məqsədi ilə yaradılmış və ictimai əsaslarla fəaliyyət göstərən kollegial və məşvərətçi orqandır.
1.2.   Şura öz fəaliyyətində Azərbaycan Respublikasının qanunvericiliyini və bu Əsasnaməni rəhbər tutur.
1.3.   Şuranın tərkibi Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” DTMQ İdarəsinin (bundan sonra İdarə) rəisi tərəfindən təsdiq edilir.
1.4.   Şura qanunçuluq, bərabərlik və könüllülük prinsipləri əsasında fəaliyyət göstərir.

II.     Şuranın funksiyaları

2.1.   Qoruq sahəsində həyata keçirilən dövlət siyasəti barədə əhalinin tam və düzgün məlumatlandırılması, İdarə ilə Qoruğun sakinləri arasında kommunikasiya və əlaqələndirici funksiyalarının yerinə yetirilməsi, münasibətlərin əməkdaşlıq çərçivəsində qurulması;
2.2.   Yerli əhali üçün əhəmiyyət kəsb edən Qoruğun cari və perspektivdə ortaya çıxacaq məsələlərinə həsr olunmuş iclas və müzakirələrin aparılması, bu müzakirələrə digər sakinlərin cəlb edilməsi, nəticələrinə əsaslanaraq İdarəyə öz rəy və tövsiyələrin bildirilməsi;
2.3.   İdarənin fəaliyyəti ilə bağlı qarşıya çıxan sosial məsələlərin həllində iştirak etməsi və təkliflərin hazırlanması;
2.4.   Qoruğun ərazisində keçirilən elmi-mədəni və kütləvi tədbirlərin təşkilində və həyata keçirilməsində iştirak etməsi;
2.5.   İçərişəhər sakinlərini, ərazidə fəaliyyət göstərən müəssisə, idarə və təşkilatları Qoruğun sosial-iqtisadi inkişafı ilə bağlı proqramlarında fəal iştiraka cəlb edilməsi;
2.6.   Sakinlərlə daima ünsiyyət saxlanılması, İçərişəhərdə həyata keçirilən işlər haqqında onlarda düzgün təsəvvürün formalaşdırılması, gündəlik qayğıları ilə maraqlanması, problemlərinin öyrənilməsi və həlli istiqamətində İdarə qarşısında məsələlərin qaldırılması;
2.7.   Sakinlər üçün müvafiq iş yerlərinin açılması, iş və asudə vaxtının təşkilinə aid məsələlərlə bağlı təkliflərin hazırlanması;
2.8.   İçərişəhərdə yaşayan kimsəsiz, tənha və köməyə ehtiyacı olan sakinlərin problemlərinin həll edilməsi ilə bağlı təkliflərin hazırlanması;
2.9.   Qoruq ərazisində yaşayan uşaq və gənclərin Azərbaycan xalqının tarixinə və mədəni irsinə, milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə olunması, İdarənin həyata keçirdiyi tədbirlərdə gənclərin iştirakının təmin edilməsi;
2.10. İçərişəhərin tarixinin öyrənilməsi və tədqiqi ilə bağlı məsləhətlərin verilməsi;
2.11. İçərişəhərin sakini olmuş görkəmli şəxsiyyətlərin, tanınmış dövlət, ictimai və mədəniyyət xadimlərinin, maraq doğura bilən digər şəxslərin müəyyən edilməsi, yaşadıqları ünvanların və qohumlarının axtarılması, həyat və fəaliyyətləri haqqında sənəd və məlumatların toplanması işində İdarəyə və onun strukturuna daxil olan  qurumlara köməklik göstərilməsi;
2.12. İçərişəhərin təbliğinə həsr olunmuş sərgilərin təşkili, sənədli və qısametrajlı filmlərin çəkilişi, elmi-kütləvi ədəbiyyatın nəşri ilə bağlı materialların təqdim edilməsi və məsləhətlərin verilməsi;
2.13. İçərişəhərdə turizmin inkişafı ilə bağlı layihələrin və turistlər üçün nəzərdə tutulan marşrutlara dair məlumatların hazırlanmasında iştirak etməsi;
2.14. Qoruq ərazisində aparılan abadlaşdırma, təmir və bərpa işləri ilə bağlı tövsiyələrin verilməsi.

III.    Şuranın hüquqları

3.      Şura öz funksiyalarını yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:
3.1.   İdarə tərəfindən həyata keçirilən normativ tənzimləmələrin zərurətinin  əsaslandırılması üçün təbliğat işi aparmaq;
3.2.   Qoruğun sosial-iqtisadi inkişaf proqramlarının hazırlanmasında iştirak etmək; 
3.3.   Fəaliyyəti üçün zəruri məlumatlar (sənədlər) almaq üçün İdarənin struktur bölmələrinə və tabeliyindəki qurumlara sorğu vermək;
3.4.   İçərişəhərə həsr olunmuş müşavirələrin, konfransların və seminarların işində iştirak etmək;
3.5.   Şuranın gündəliyində duran və digər zəruri məsələlərin həlli ilə bağlı İdarə rəhbərliyinə müraciət etmək;
3.6.   İçərişəhərdə bərpa, təmir və abadlıq işlərinin həyata keçirilməsi ilə bağlı sakinlərlə müzakirələr aparmaq, onların rəyini öyrənmək və İdarənin rəhbərliyinə bildirmək.

IV.    Şuranın fəaliyyətinin təşkili

4.1.   Şuranın üzvü Azərbaycan Respublikasının vətəndaşı olan, İçərişəhərdə anadan olmuş və/və ya hal-hazırda yaşayan, yaşı əllidən aşağı olmayan şəxslər ola bilər.
4.2.   Şura üzvlərinin təyin edilməsi zamanı dövlət təltiflərinə və fəxri adlara layiq görülmüş, müəyyən sahə üzrə elmi nailiyyətlərə və elmi dərəcələrə malik, müharibə və əmək veteranı olan şəxslərə üstünlük verilir.
4.3.   Şura üzvünün səlahiyyət müddəti 5 il təşkil edir.
4.4.   Şura üzvünün səlahiyyət müddətinə İdarənin rəisi tərəfindən aşağıdakı hallarda vaxtından əvvəl xitam verilir:

  • • Şuranın qərarı əsasında;
  • • Üzvün öz təşəbbüsü əsasında.

4.5.   Şuranın əsas iş formaları iclaslar şəklində təşkil olunur. İclasın gündəliyi sədr tərəfindən təsdiq olunur. Şuranın iclasları, bir qayda olaraq, rübdə bir dəfə  və ya ildə dörd dəfədən az olmayaraq sədr tərəfindən çağırılır. Tələb olunduğu hallarda Şuranın növbədənkənar iclasları çağırıla bilər.
4.6.   İclasın vaxtı və gündəliyi barədə Şura üzvləri iclasın tarixinə on gün qalmış məlumatlandırılır.
4.7.   Şura üzvlərinin yarısından çoxu iclasda iştirak etdikdə, onun iclasları səlahiyyətli sayılır. Şuranın qərarları iclasda iştirak edən üzvlərin üçdə ikisinin səs çoxluğu ilə qəbul edilir.
4.8.   Şuranın qərarları, bir qayda olaraq, rəy, təklif və müraciətlər şəklində olur və tövsiyə xarakteri daşıyır.
4.9.   Şuranın qərarları yazılı qaydada rəsmiləşdirilir və Şuranın sədri və məsul katib tərəfindən imzalanır.
4.10. Şuranın işinə sədr rəhbərlik edir. Sədr Şuranın birinci iclasında Şura üzvləri tərəfindən seçilir.
4.11. Şuranın sədri:

  • • Şuranın növbəti və növbədənkənar iclaslarını çağırır, iclasın gündəliyini təsdiq edir və iclasları aparır;
  • • Şura üzvlərinin işini əlaqələndirir;
  • • Dövlət və ictimai qurumlarda Şuranın səlahiyyətli nümayəndəsi kimi çıxış edir.

4.12. Şuranın üzvləri eyni hüquq və vəzifələri daşıyırlar.
4.13. Şura üzvünün aşağıdakı vəzifələri vardır:

  • • Qanunvericiliyə və hazırkı Əsasnaməyə əməl etmək;
  • • Şuranın məqsəd və vəzifələrini işində rəhbər tutmaq;
  • • Şuranın qəbul etdiyi qərarlara riayət etmək.

4.14. Şuranın üzvü aşağıdakı hüquqlara malikdir:

  • • Şuranın iclaslarında iştirak etmək;
  • • Şuranın fəaliyyətinə aid məsələlərlə bağlı şifahi və ya yazılı surətdə öz fikrini bildirmək;
  • • Şurada baxılması üçün onun fəaliyyət istiqamətləri üzrə məsələləri təqdim etmək və müzakirəsində iştirak etmək;
  • • Şuraya daxil olan və saxlanılan bütün məlumatlarla və informasiya ilə tanış olmaq və surətlərinin çıxarmaq.

4.15. Əgər Şuranın üzvü hər hansı səbəbə görə Şuranın iclaslarında iştirak edə bilmirsə, o, iclasın keçirilməsi tarixinə 5 gün qalmış iclasın gündəliyinə daxil olan məsələlərlə bağlı öz rəyini yazılı və ya elektron formada göndərə bilər. Belə olan halda məsələnin müzakirəsi zamanı onun mövqeyi nəzərə alınır.
4.16. Şuranın təşkilati təminatı ilə Şuranın məsul katibi məşğul olur. Məsul katib İdarənin əməkdaşları arasından İdarənin rəisi tərəfindən təyin edilir.
4.17. Şuranın işinin maddi-texniki təminatı İdarənin Aparatı tərəfindən həyata keçirilir.