“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində hərəkət edən ağır yük və təchizat avtomobilləri qədim bina və tikililərin dayanıqlığına ciddi təsir göstərir, yol örtüklərin dağılmasına, mühəndis xətlərinin və qurğularının sıradan çıxmasına səbəb olur. İçərişəhərdə yerləşən tarix-memarlıq abidələrinin milli-mədəni sərvət kimi qorunub saxlanılması və nəqliyyatın hərəkətinin müvafiq qaydada təşkil edilməsi məqsədi ilə, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Əsasnaməsinin 8.13 bəndini rəhbər tutaraq:

1. Yükgötürmə qabiliyyəti beş tondan artıq olan avtomobillərin və ağır texnikanın, fövqəladə və xüsusi icazə halları istisna olmaqla, İçərişəhərin ərazisinə daxil olması qadağan edilsin.

2. Buraxılışı olan yük avtomobillərinin Qoruq ərazisinə daxil olması vaxtı 06:00-dan 08:30-dək və 20:00-dan 22:30-dək müəyyən edilsin.

3. Buraxılışı olan təchizat avtomobillərinin Qoruq ərazisinə daxil olması vaxtı 06:00-dan 08:30-dək, 14:30-dan 16:00-dək və 20:00-dan 22:30-dək müəyyən edilsin.

4. Mənzil-kommunal və təmir xidməti Qoruq ərazisində yerləşən təşkilatların, təmir-bərpa işləri aparılan sahələrin, ticarət və ictimai iaşə obyektlərinin rəhbərlərinin bu Sərəncamın müddəaları ilə tanış olunmasını təmin etsin.

5. Sərəncamın icrasına nəzarət rəis müavininə (S.Nuriyev) həvalə olunsun.

6. Bu sərəncam 2009-cu il iyunun 1-dən qüvvəyə minir.

Rəis
Mikayıl Cabbarov