“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2005-ci il tarixli 200 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu Əsasnaməsinin 8-ci və 10-cu bəndlərinə əsasən Qoruq ərazisində yerləşən dövlət və ya bələdiyyə mülkiyyətində olan dünya və ölkə əhəmiyyətli daşınmaz abidələrin, onların ayrı-ayrı hissələrinin icarəyə verilməsi qadağandır və onlardan yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada istifadə oluna bilər. Buna baxmayaraq, İdarənin əməkdaşlarının keçirdikləri monitorinqlər zamanı Qoruq ərazisindəki bir sıra ölkə əhəmiyyətli abidələrin icarədə olduqları müəyyən edilmişdir.

Göstərilən halların qarşısının alınması və abidələrdən istifadənin qanunvericiliyə uygunlaşdırılması məqsədi ilə, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu haqqında Əsasnamənin 7.7-ci və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Əsasnaməsinin 8.12-ci və 14.5-ci bəndlərini rəhbər tutaraq


1. “Abidədən istifadə və qoruma öhdəliyinə dair mühafizə müqaviləsi”, “İstifadə Qaydaları” və “Texniki baxış aktı” formaları təsdiq edilsin (əlavə olunur).

2. İdarə adından abidədən istifadə və qoruma öhdəliyinə dair mühafizə müqavilələrini imzalamaq səlahiyyəti Aparatın rəhbərinə həvalə edilsin.

3. Strateji inkişaf və tənzimləmə şöbəsinin müdir müavini E.Yusubova tapşırılsın ki, İdarənin balansında olan abidələrin və ya onların ayrı-ayrı hissələrinin mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq bütün istifadəçiləri ilə abidədən istifadə və qoruma öhdəliyinə dair mühafizə müqavilələrinin bağlanmasını təmin etsin.

4. Bu Sərəncamla təsdiq edilmiş müqavilə şərtlərinə və istifadə qaydalarına əməl olunmasına nəzarətin təmin edilməsi, həmçinin texniki baxış aktının tərtib olunması üçün Mədəni irsin tədqiqatı və beynəlxalq əlaqələr şöbəsinin Mədəni irsin tədqiqi, abidələrin qeydiyyatı və istifadə rejiminə nəzarət sektorunun müdiri Elxan Məmmədovdan (rəhbər), Strateji inkişaf və tənzimləmə şöbəsinin Ərazi inkişafı və kommunal xidmətlər sektorunun müdiri Emil Hüseynlidən və Memarlıq-planlaşdırma və layihələrin ekspertizası sektorunun baş məsləhətçisi Elxan Rəfiyevdən ibarət İşçi qrupu yaradılsın. İşçi qrupuna İdarənin strukturuna daxil olan qurumların işçilərini öz işinə cəlb etmək səlahiyyəti verilsin.

5. Mədəni irsin tədqiqatı və beynəlxalq əlaqələr şöbəsinin Mədəni irsin tədqiqi, abidələrin qeydiyyatı və istifadə rejiminə nəzarət sektorunun müdiri Elxan Məmmədova İdarənin balansında olan abidələrdən müqavilədən kənar istifadə olunması hallarının üzə çıxarılması və qarşısının alınması, istifadə və qoruma öhdəliyinə dair mühafizə müqavilələrinin uçotunun aparılması tapşırılsın.

6. Mənzil-kommunal və təmir xidmətinin direktoru Elçin Musayevə, Elmi-mədəni mərkəzin direktoru Vəfa Quliyevaya və Elmi-istehsalat emalatxanasının direktoru Akif Heydərova tapşırılsın ki, əsasnamələrində müəyyən olunmuş məqsəd və səlahiyyətləri çərçivəsində abidələrin istifadəçiləri ilə müqavilə münasibətləri əsasında birgə fəaliyyət göstərilməsi üçün müvafiq tədbirlər görsünlər.

7. Sərəncamın icrasına nəzarəti öz üzərimdə saxlayıram.

Rəis
Mikayıl Cabbarov