Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi
Sayt üzrə naviqasiya
İçindəki
Fərmanlar və sərəncamlar
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
(22 noyabr 2005-ci il)
“Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi haqqında Əsasnamənin” təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin fəaliyyətini təmin etmək məqsədi ilə qərara alıram:
1. “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
3. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 noyabr 2005-ci il.
№315
Azərbaycan Respublikası Prezidentinin
2005-ci il 22 noyabr tarixli 315 nömrəli
Fərmanı ilə təsdiq edilmişdir
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi haqqında
ƏSASNAMƏ
I. Ümumi müddəalar
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (bundan sonra - İdarə) Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yaradılması haqqında” 2005-ci il 10 fevral tarixli 629 nömrəli Sərəncamı ilə yaradılmışdır.
2. İdarə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu haqqında Əsasnaməni və bu Əsasnaməni rəhbər tutur. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən “Şirvanşahlar Sarayı Kompleksi” Dövlət Tarix-Memarlıq Qoruq Muzeyi və “Qız Qalası” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyindədir.
3. İdarə müstəqil balansa, qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, müvafiq xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri olan və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.
4. İdarənin fəaliyyətinin maliyyələşdirilməsi Azərbaycan Respublikasının dövlət büdcəsindən ayrılan vəsait hesabına həyata keçirilir.
5. İdarə Bakı şəhərində yerləşir.
II. İdarənin fəaliyyət istiqamətləri
6. İdarənin fəaliyyət istiqamətləri aşağıdakılardır: 6.1. Qoruğun ərazisində yerləşən abidələri elm və mədəniyyətin inkişafı üçün öyrənir, onlardan məqsədyönlü istifadə olunmasını təşkil edir; 6.2. Qoruğun ərazisində yerləşən abidələrin həcm-planlaşma quruluşunu qoruyur, tarix-memarlıq abidələrinin bərpasını və toxunulmazlığını təmin edir.
III. İdarənin vəzifələri
7. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir: 7.1. Qoruğun ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin qorunması və ərazi üçün müəyyən olunmuş rejimin saxlanmasını təmin etmək; 7.2. biblioqrafik tədqiqatlar, tarixi araşdırmalar və arxeoloji qazıntılar aparmaqla abidələri və arxeoloji qazıntıları aşkar etmək və onların öyrənilməsini həyata keçirmək, qoruqda aparılan arxeoloji işlərə nəzarət etmək; 7.3. abidələrin elmi, mədəni və tarixi əhəmiyyətinin təbliğini, bu məqsədlə sərgilərin, fotostendlərin, ekskursiyaların, mühazirələrin, sənədli və qısametrajlı filmlərin hazırlanmasını, elmi-kütləvi ədəbiyyatın nəşrini təşkil etmək; 7.4. Qoruq sərhədləri daxilində abidələr üçün hər hansı təhlükə yarada bilən təmir işlərinin aparılması ilə əlaqədar təhlükəsizlik tədbirlərini müəyyənləşdirərək müvafiq qaydada işlər görmək; 7.5. Qoruğun ərazisindəki abidələrə yaxın olan və ya onların mühafizə zonasından keçən yol sahələrində nəqliyyat vasitələrinin hərəkəti abidələrin qorunması üçün təhlükə yaratdıqda, onların hərəkətini məhdudlaşdırmaq və ya qadağan etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbirlər görmək; 7.6. abidələrin qorunması, onlardan istifadə qaydaları və qoruğun mühafizə rejiminin pozulmasının qarşısının alınması və təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi ilə əlaqədar qanunvericiliklə müəyyən edilmiş qaydada zəruri tədbirlər görmək; 7.7. Qoruqda aparılan arxeoloji işlərə nəzarət etmək; 7.8. Qoruğun ərazisindəki abidələrlə bağlı qanunvericiliyi pozmuş, cinayət və inzibati xəta törətmiş şəxslər barədə müvafiq dövlət orqanlarına məlumat vermək; 7.9. aşkar edilmiş tarix və mədəniyyət abidələrinin dövlət qeydiyyatına alınması, pasportlaşdırılması, abidələrin qorunması üçün tədbirlər görmək; 7.10. tarix və mədəniyyət abidələrinin mühafizəsinin, onların funksional təyinatının, memarlıq-estetik görünüşünün və uzunömürlülüyünün təmin edilməsi üçün tədbirlər görmək; 7.11. Qoruğun ərazisində arxeoloji qazıntı işləri aparmaq üçün Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən verilmiş icazəni qeydə almaq.
IV. İdarənin hüquqları
8. İdarə öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir: 8.1. Qoruğun ərazisində qazıntı işlərinin aparılmasını təşkil edən hüquqi və fiziki şəxslərdən aparılmış tədqiqat işləri barədə hesabat tələb etmək; 8.2. Qoruğun ərazisində mühafizə və abidələrdən istifadə sahəsində pozuntu hallarını aradan qaldırılmaq haqqında icrası məcburi olan göstərişlər vermək və müvafiq tədbirlər görmək; 8.3. tarix və mədəniyyət abidələrində aparılan inşaat-möhkəmləndirmə, abadlıq, təmir, bərpa, rekonstruksiya, regenerasiya işlərinin səviyyəsinin artırılması və onların istifadəyə uyğunlaşdırılması üzrə təkliflər hazırlamaq; 8.4. Qoruq sərhədləri daxilində abidələr üçün hər hansı təhlükə yarada bilən təmir işlərinin görülə bilməsi üçün razılıq vermək; 8.5. Qoruğun ərazisində yerləşən abidələrin tədqiqinin həyata keçirilməsi üçün razılıq vermək.
V. İdarənin fəaliyyətinin təşkili
9. İdarənin fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən rəis rəhbərlik edir.
10. İdarənin rəisi İdarəyə həvalə edilmiş vəzifələrin həyata keçirilməsinə görə şəxsən məsuliyyət daşıyır;
11. İdarənin rəisi: 11.1. İdarənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir; 11.2. İdarədə vəzifə səlahiyyətlərinin bölgüsünü müəyyənləşdirir; 11.3. müəyyən edilmiş əməkhaqqı fondu və işçilərin say həddi daxilində İdarənin ştat cədvəlini və dövlət büdcəsindən ayrılmış vəsait dərəcəsində xərclər smetasını təsdiq edir; 11.4. İdarənin işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada həvəsləndirmə və intizam tənbeh tədbirləri görür; 11.5. qanunvericiliyə uyğun olaraq icrası məcburi olan əmr və sərəncamlar verir; 11.6. tarix və mədəniyyət abidələrinin qorunmasını və onlardan istifadəni təmin etmək sahəsində rejimin yerinə yetirilməsini təşkil edir; 11.7. tarix və mədəniyyət abidələrinin qorunmasını və onlardan istifadəni təmin etmək sahəsində rejimin ciddi yerinə yetirilməsini təşkil edir; 11.8. qüvvədə olan qanunvericiliyə müvafiq surətdə və öz səlahiyyəti həddində idarənin əmlakı və vəsaiti barədə sərəncam verir; 11.9. İdarənin illik və perspektiv iş planlarının tərtib olunmasını, elmi-tədqiqat işlərinin yerinə yetirilməsini, qoruq rejiminə əməl edilməsi üçün tədbirlər görülməsini təmin edir; 11.10. arxivlərdə, kitabxanalarda və muzey fondlarında Qoruğun abidələrinə aid saxlanılan materialların aşkara çıxarılmasını və öyrənilməsini təşkil edir; 11.11. digər elmi təşkilatları və ayrı-ayrı mütəxəssisləri elmi-tədqiqat işinə cəlb edir; 11.12. Qoruğun fəaliyyətinin yaxşılaşdırılmasına yönəldilmiş təklifləri, həmçinin İdarənin fəaliyyətinə dair illik hesabatı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edir; 11.13. Qoruq ərazisində aparılan bütün işlər üzrə memarlıq, arxeologiya, tarix və sənətşünaslıq sahələrinin aparıcı mütəxəssislərindən ibarət Elmi-Məsləhət Şurası yaradır və onun Əsasnaməsini təsdiq edir.
12. İdarənin strukturu və işçilərinin say həddi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.
Sayt üzrə axtarış









