Azərbaycan Respublikasının Dövlət Gerbi

Bakı şəhərində İçərişəhər Tarix-Memarlıq Qoruğunun mühafizəsi və bərpası ilə bağlı bəzi tədbirlər haqqında

Azərbaycanın paytaxtı Bakı şəhərinin qədim və zəngin tarixi vardır. Ulu əcdadlarımızın bizə yadigar qoyduğu bu gözəl şəhərin hər bir guşəsi, hər bir daşı Azərbaycan xalqının yüksək dühasını, böyük qüdrətini, ulu mədəniyyətini əyani şəkildə nümayiş etdirir. Memarlıq tariximizin daş ensiklopediyası olan Bakı Azərbaycanın hər bir bölgəsində inşa edilmiş qədim tikililərlə qırılmaz tellərlə bağlıdır. Azərbaycanlıların bir neçə nəsli tarix boyu Bakının unikal memarlıq görkəminin formalaşmasına öz töhfələrini vermişdir. Paytaxtımızın əsrlərlə yaradılmış siması özünəməxsus relyef ilə nadir memarlıq incilərinin vəhdətini əks etdirir. Bakı şəhərinin memarlıq abidələri artıq bizim milli mədəniyyətimizin və tariximizin rəmzlərinə çevrilmişdir. Bakı öz milli koloritinə və təkrarolunmaz gözəlliyinə görə dünyanın tanınmış şəhərləri içərisində layiqli yer tutmuşdur. IV-VIII əsrlərdə Azərbaycanın ərazisində müdafiə xarakterli istehkamlar və qala divarlarının ucaldılması ölkənin təbii sərvətlərinin zənginliyinə, öz dövrü üçün inkişaf etmiş iqtisadi-sosial durumun təşəkkül tapdığına dəlalət edir. Həmin dövrdə Azərbaycanda formalaşmış tarixi mühit ölkə mədəniyyətinin bir çox sahələrinin inkişafına təkan verib. Qədim tarixçilərin və səyyahların qeyd etdikləri kimi, Azərbaycanın Böyük İpək yolunun üzərində yerləşməsi onun Bakı, Naxçıvan, Gəncə, Bərdə, Qəbələ, Beyləqan kimi şəhərlərində memarlıq, xalçaçılıq, dulusçuluq, zərgərlik və başqa sənətlərin inkişafı üçün əlverişli şərait yaradıb. Bəşər tarixinə dahi şair və mütəfəkkir Nizami kimi böyük şəxsiyyətlər vermiş XII əsrdə mədəniyyətin demək olar ki, bütün sahələrində böyük vüsət alan dirçəliş memarlığın, şəhərsalma sənətinin də sürətlə inkişaf etməsinə güclü təsir göstərib. Bakının ən qədim, vaxtilə bütövlükdə qala divarları ilə əhatə olunmuş hissəsi İçərişəhərdir. Orada bu günə qədər qorunub saxlanılmış müdafiə, dini ibadət, ictimai və məişət xarakterli bir sıra tikililərin və qurğuların mühəndis-memarlıq həllinin kamilliyi xalqımızın mədəniyyət tarixində mühüm yer tutan memarlıq məktəblərinin yüksək peşəkarlıq səviyyəsindən xəbər verir. Öz adlarını İçərişəhərin daş kitabələri üzərində həkk etmiş qədim Azərbaycan memarları və sənətkarlarının zəkası və zəhməti ilə açıq səma altında yaradılmış bu «muzey-şəhər» hər bir azərbaycanlının qəlbində sonsuz qürur hissi doğurur. İçərişəhər Azərbaycan xalqının milli sərvəti, milli iftixarıdır. İçərişəhər orta əsrlərdə Azərbaycanda yüksək inkişaf etmiş şəhərsalma sənətinin olduqca qiymətli incisidir. Onun ərazisində yerləşən Qız qalası, qala divarları, Şirvanşahlar sarayı kompleksi, məscidlər, karvansara, zorxana, hamam, bazar meydanı və sair obyektlər Azərbaycan memarlıq sənətinin keçdiyi ayrı-ayrı mərhələləri özündə əyani şəkildə təcəssüm etdirən misilsiz abidələrdir. İçərişəhərin ilk baxışda xaotik tikililər təsiri bağışlayan binalarında daxili bir ahəngdarlıq hökm sürür. Burada meydan, məhəllə, bina və küçələrin quruluşu ərazinin relyefi, təbiəti və iqliminin, Azərbaycan xalqının milli mentalitetinin xüsusiyyətlərini nəzərə almaqla planlaşdırılıb. İçərişəhərin ərazisində mütəmadi olaraq aparılan qazıntı işləri nəticəsində əldə olunmuş arxeoloji materialların zənginliyi əməli surətdə nümayiş etdirir ki, İçərişəhər Azərbaycan xalqının tarixinin, o cümlədən onun milli dövlətçilik tarixinin bir çox açılmamış səhifələri haqqında, zəngin mənəvi və maddi sərvətlər xəzinəsi barədə dəyərli, mötəbər məlumatlar verən və tədqiqinə hələ də ehtiyac duyulan tükənməz mənbədir. Mütəxəssislər İçərişəhərin qədim yaşayış məskəni olması ilə yanaşı, onun ərazisində aparılan arxeoloji qazıntılar zamanı aşkar etdikləri mədəni təbəqələrin Azərbaycan xalqının tarixi və mədəniyyəti üçün xüsusi əhəmiyyətə malik olduğunu müəyyən etmişlər. İçərişəhəri əhatə edən qala divarları Azərbaycan ərazisindəki digər qədim istehkamlar və müdafiə xarakterli tikililərdən öz orijinallığı və möhtəşəmliyi ilə seçilir. Azərbaycan Böyük İpək yolunun üzərində yerləşən əsas məntəqələrdən biri olduğuna görə, İçərişəhərdə çoxlu karvansara və ticarət binası inşa edilmişdir. XV əsrdə Bakının Şirvanşahlar dövlətinin paytaxtına çevrilməsi ilə əlaqədar olaraq tikilmiş Şirvanşahlar sarayı kompleksi İçərişəhərin simasına xüsusi bir yaraşıq və əzəmət vermişdir. Kompleksə daxil olan saray binası, divanxana, türbə və məscidlər binaların miqyasının məharətlə uyğunlaşdırılması, yerli tikinti materiallarından uğurla istifadə olunması, bədii oymaların və memarlıq elementlərinin ahəngdar şəkildə yerləşdirilməsi ilə seçilir. XIX əsrin ortalarında Bakıda neftin sənaye üsulu ilə istehsalına başlanması İçərişəhərin simasına öz təsirini göstərmişdir. Xalqımızın neçə-neçə nəslinin istedadı və əməyi sayəsində İçərişəhər artıq XX əsrin əvvəllərində Azərbaycanın tarixi və memarlığının unikal abidəsi kimi formalaşmışdır. 1952-1957-ci illərdə İçərişəhərin qala divarları bərpa edilmişdir. O, 1977-ci ildə Azərbaycanın tarix-memarlıq qoruğuna çevrilmiş, 1985-ci ildə isə onun ərazisi Dövlət Tarix-Memarlıq Qoruğu elan edilmişdir. 2000-ci il dekabrın 2-də YUNESKO-nun «Dünya İrs Siyahısı»na daxil edilmiş İçərişəhər təkcə Azərbaycanın deyil, bütövlükdə dünya şəhərsalma sənətinin nadir nümunələrindəndir. Azərbaycan xalqının milli sərvəti olan İçərişəhər Tarix-Memarlıq Qoruğunun qorunub saxlanılması, geniş təbliğ edilməsi və gələcək nəsillərə çatdırılması Azərbaycan dövlətinin, hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur. Tarix və mədəniyyət abidələrinin qorunması Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuşdur. Abidələrin bərpa və qorunma məsələləri Azərbaycan Respublikasının «Mədəniyyət haqqında» və «Tarix və mədəniyyət abidələrinin qorunması haqqında» qanunları ilə tənzimlənir. Abidələrin qorunması, bərpa və qazıntı işləri YUNESKO-nun Ümumdünya mədəni və təbii irsin qorunması haqqında Konvensiyası, Arxeoloji irsin qorunması haqqında Avropa Konvensiyası, Tarixi ansamblların qorunub saxlanılması və müasir rolu haqqında tövsiyənin və digər beynəlxalq sənədlərin tələblərinə uyğun aparılır. İçərişəhər Tarix-Memarlıq Qoruğunun mühafizəsi, bərpası və orada arxeoloji işlərin aparılması məsələləri də müvafiq normativ hüquqi aktların və Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin tələblərinə uyğun şəkildə həll edilir. Mövcud qanunvericiliyə görə, Qoruğun ərazisində yerləşən elmi, tarixi və ya mədəni əhəmiyyətli olan bütün abidələr dövlət tərəfindən qorunur, onların dağıdılması, köçürülməsi və dəyişdirilməsi qadağan olunur. Hazırda İçərişəhərin qorunması, tədqiqi və təbliği ilə qoruğun müdiriyyəti, «Azərbərpa» Elmi-Tədqiqat Layihə İnstitutu və Azərbaycan Milli Elmlər Akademiyasının «İçərişəhər» Arxeoloji Ekspedisiyası məşğul olur. Təəssüf hissi ilə qeyd olunmalıdır ki, İçərişəhərin dövlət əhəmiyyətli qoruq kimi qorunub saxlanılması işində bir sıra səhvlərə, hətta qanunsuzluq hallarına yol verilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş rəhbərliyi vəzifə səlahiyyətlərini aşaraq İçərişəhər ərazisində bəzi qanunsuz tikintilərin aparılmasına imkan yaratmışdır. Bu isə Qoruğun ümumi mənzərəsinə xələl gətirmiş, oradakı bir neçə memarlıq abidəsinin dağıdılmasına səbəb olmuş, bəziləri üçün təhlükə yaratmışdır. İçərişəhərdə yeni binaların inşa edilməsi uzun əsrlər ərzində formalaşmış bir çox arxeoloji materialların məhv olmasına gətirib çıxarmışdır. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və əvvəllər bu işə cavabdeh olan Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Komitəsi İçərişəhərlə bağlı baş verən mənfi halların qarşısının alınması üçün vaxtında lazımi qətiyyət və prinsipiallıq göstərməmişdir. Xalqımızın olduqca zəngin maddi-mədəniyyət nümunələrini və mənəvi dəyərlərini təcəssüm etdirən İçərişəhər Tarix-Memarlıq Qoruğunun mühafizəsi və bərpası ilə bağlı yaranmış vəziyyət təxirəsalınmaz tədbirlərin görülməsini tələb edir. İçərişəhərin YUNESKO-nun «Dünya İrs Siyahısı»na salınması da üzərimizə daha böyük vəzifə və ciddi məsuliyyət qoyur. İçərişəhər Qoruğunun Azərbaycan tarixi və mədəniyyəti, habelə dünya sivilizasiyası üçün əhəmiyyətini nəzərə alaraq, onun qorunub saxlanılması və gələcək nəsillərə çatdırılmasını təmin etmək məqsədi ilə qərara alıram: 1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki: - İçərişəhər ərazisində yaranmış vəziyyətin yerində araşdırılmasının nəticələri haqqında ətraflı arayışın bir ay ərzində hazırlanıb Azərbaycan Respublikasının prezidentinə təqdim olunmasını təmin etsin; - İçərişəhər Qoruğunun uzunmüddətli qorunması, konservasiyası və bərpası ilə bağlı konsepsiyanın və fəaliyyət proqramının layihələrini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim etsin; - İçərişəhər Tarix-Memarlıq Qoruğunun idarə olunmasının beynəlxalq standartların tələblərinə uyğun olaraq qurulması ilə bağlı təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim etsin; - İçərişəhər Tarix-Memarlıq Qoruğunun yeni Əsasnaməsini iki ay müddətinə işləyib təsdiq etsin.

2. Bakı Şəhər İcra Hakimiyyəti İçərişəhərin uzunmüddətli qorunması, konservasiyası və bərpası konsepsiyası qəbul edilənə qədər onun ərazisində, bərpa işləri istisna olmaqla, aparılan bütün tikinti işlərinin dayandırılmasını təmin etsin.

3. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası əlaqədar təşkilatların nümayəndələrini və YUNESKO-nun ekspertlərini cəlb etməklə 2003-cü ilin aprelində İçərişəhər Qoruğunun mühafizəsi, bərpası, tədqiqi və təbliği məsələlərinə həsr olunmuş beynəlxalq elmi-praktiki konfransın keçirilməsini təmin etsinlər.

Heydər Əliyev,
Azərbaycan Respublikasının prezidenti.

Bakı şəhəri, 17 fevral 2003-cü il