Azərbaycan Respublikasının Dövlət Gerbi

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 may tarixli, 574 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturu»na əlavə edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan dövlətinin artan iqtisadi imkanları ölkə ərazisində yerləşən muzey binalarında əsaslı təmir-bərpa işlərinin aparılmasına, yeni belə tikililərin inşa olunmasına təkan vermiş, muzey işinin təşkilində və maraqlı ekspozisiyaların qurulmasında müsbət dəyişikliklərə səbəb olmuşdur. Azərbaycan muzeylərinin fəaliyyətinin muzey işinin müasir prinsipləri əsasında, dünya standartlarına uyğun yenidən qurulması istiqamətində görülən işlər də nəzərə alınmaqla, Azərbaycan xalqının tarixi-mədəni irsinin qorunması və geniş miqyasda təbliği məqsədi ilə muzey işi sahəsində həyata keçirilən tədbirlər böyük ictimai əhəmiyyətə malikdir.

Azərbaycan xalqının qədim və zəngin tarixinin öyrənilməsi, onun gələcək nəsillərə ərməğan edilməsində muzeylər əvəzolunmaz rol oynayır. Onlar xalqın dəyərlərini qorumaqla yanaşı, mənəvi tərbiyə ocağı funksiyalarını da yerinə yetirirlər. Bu mənada 1964-cü ildən fəaliyyət göstərən «Şirvanşahlar Sarayı Kompleksi» Dövlət Tarix-Memarlıq qoruq-muzeyi öz tarixiliyi və memarlıq-estetik görünüşü ilə xüsusi əhəmiyyət kəsb edir. İçərişəhərin simasına əzəmət verən bu muzey kompleksi şanlı tarixi keçmişimizin öyrənilməsi və təbliği, xalqımızın maddi-mədəniyyət dəyərlərinin əcnəbi qonaqlara nümayiş etdirilməsi üçün əhəmiyyətli işlər görməkdədir.

«İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu ərazisindəki abidələrin təbliği ilə məşğul olan dövlət mədəniyyət təsisatları ilə bağlı vahid dövlət idarəetməsini təmin etmək və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturunu təkmilləşdirmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 may tarixli, 574 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 456) ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturu»na aşağıdakı məzmunda 2.5-ci bənd əlavə edilsin:

«2.5. «Şirvanşahlar Sarayı Kompleksi» Dövlət Tarix-Memarlıq qoruq-muzeyi».

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

  İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 fevral 2010-cu il. № 217